Altay diyarında güclü külək 70-ə yaxın evin damını zədələyib
- 22 iyul, 2026
- 13:15
Rusiyanın Altay diyarında sürəti saniyədə 40 metrə çatan külək nəticəsində 70-ə yaxın yaşayış evinin dam örtüyü zədələnib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Küləyin sürətinin saniyədə təxminən 40 metrə çatdığı Krasnoşyokovski rayonunda 70-ə yaxın yaşayış evinin dam örtüyünün zədələndiyi aşkar edilib. Vəziyyətə nəzarət etmək üçün Rusiya FHN-nin Altay diyarı üzrə Baş İdarəsinin əməliyyat qrupu hadisə yerindədir", - məlumatda deyilir.
Qurumun məlumatına görə, Krasnoşyokovski və Çarışski rayonlarının 44 yaşayış məntəqəsində elektrik enerjisi təchizatında problemlər yaranıb. Zəruri hallar üçün müvəqqəti yerləşdirmə məntəqələri hazırlanıb. Ümumilikdə əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılmasına 250-dən çox insan və 57 vahid texnika cəlb olunub.