"Akkuyu" AES Türkiyəyə 50 milyard dollar töhfə verəcək

Region
  • 08 sentyabr, 2025
  • 21:10
Akkuyu AES Türkiyəyə 50 milyard dollar töhfə verəcək

"Akkuyu" Atom Elektrik Stansiyasının (AES) fəaliyyətə başlaması ilə Türkiyənin ümumi daxili məhsulu 50 milyard dollar artacaq. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

"İldə 35 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək bu stansiya ölkəmizi ildə 7 milyard kubmetr təbii qaz idxalından xilas edəcək. Bu, həmçinin karbon emissiyalarını ildə 35 milyon ton azaldacaq. "Akkuyu" şirkətinin ÜDM-ə töhfəsi ümumilikdə 50 milyard dollar təşkil edəcək", - dövlət başçısı bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə nüvə enerjisini enerji portfelinə daxil etməlidir.

"Və bəzi dairələrin AES-in tikintisinə qarşı müqavimət göstərməsi cəhalət olmasa da, ancaq bədxahlıqla izah edilə bilər. Bu cür səthi düşüncənin ölkəyə heç bir faydası olmayacaq", - o, hakimiyyətin azı daha iki böyük AES tikməyi planlaşdırdığını xatırladıb.