Adil Karaismailoğlu: Türkiyədə dayanıqlı yaşayış mühiti əsas prioritetlərdəndir

Region
  • 20 may, 2026
  • 16:27
Adil Karaismailoğlu: Türkiyədə dayanıqlı yaşayış mühiti əsas prioritetlərdəndir

Türkiyədə dayanıqlı yaşayış mühitinin yaradılması əsas prioritetlərdəndir.

"Report" xəbər verir ki, bunu Türkiyə parlamentinin (TBMM) İctimai işlər, yenidənqurma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?" mövzusunda parlament üzvlərinin dəyirmi masasında deyib.

Onun sözlərinə görə, Türkiyədə sosial mənzil siyasəti dövlətin konstitusion öhdəliyi kimi həyata keçirilir:

"TOKİ bu istiqamətdə genişmiqyaslı layihələr icra edir. Mənzil siyasəti yalnız yaşayış sahələrinin tikintisi deyil, həm də sosial rifah, təhlükəsizlik və şəhərlərin dayanıqlı inkişafı məsələsidir. Ona görə də yaşayış kompleksləri məktəb, park, iş yerləri və sosial obyektlərlə birlikdə planlaşdırılır. Türkiyədə baş vermiş zəlzələlərdən sonra 11 vilayətdə geniş bərpa işlərinə başlanılıb, yüz minlərlə yaşayış və kommersiya obyekti yenidən tikilir. Şəhərlərin gələcək inkişafında təhlükəsiz və dayanıqlı yaşayış mühitinin yaradılması əsas prioritetlərdəndir".