Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırmanı yekunlaşdırıb

Biznes
  • 26 oktyabr, 2026
  • 14:50
Dövlət Agentliyi Aztelekomla bağlı araşdırmanı yekunlaşdırıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin "Aztelekom" MMC-nin xidmət tarifləri və təklif etdiyi internetin sürəti ilə bağlı apardığı araşdırma və təhlillər yekunlaşıb.

"Report" bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Rəqabət Məcəlləsinin 39.2.1-ci maddəsinin tələbinə əsasən edilən müraciətlər çərçivəsində təbii inhisar subyektlərinin razılıq alınması tələb olunan hərəkətlərinə nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflərin tətbiq edilməsi və genişzolaqlı internet xidmətləri bazarında minimum internet sürəti ilə bağlı məsələləri əhatə edib.

Trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflərin tətbiqi üzrə razılıq xidmətin rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq eyni vəziyyətdə olan operator və provayderlərə bərabər və ayrı-seçkiliyə yol verilmədən təqdim edilməsi, xidmətin təqdim edilməsi zamanı təbii inhisar subyektinin hərəkətləri (hərəkətsizliyi) səbəbindən rəqib operator və provayderlərin alternativ internet ara bağlantı nöqtələrindən, ara bağlantı xidmətlərindən, CDN operatorları və üçüncü tərəf xidmətlərindən istifadəsinin məhdudlaşdırılmaması, xidmət üzrə tariflərin, qoşulma və müraciətin rədd edilməsi meyarlarının, standart müqavilənin və şikayət prosedurunun təbii inhisar subyektinin rəsmi internet saytında əlçatan formada dərc edilməsi şərtləri ilə verilib.

Genişzolaqlı internet xidmətləri bazarında minimum internet sürəti ilə bağlı əhali və qeyri-əhali kateqoriyası üzrə giriş səviyyəsində tariflər dəyişdirilmədən saxlanılmaqla Əmr layihəsinin tətbiqinə dair razılıq verilib.

44 filmi