Vətən müharibəsi şəhidlərinin xatirəsi Lerikdə anılıb
- 29 oktyabr, 2021
- 13:11
Lerik rayonunda Vətən müharibəsinin üç şəhidi böyük ehtiramla yad edilib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun Soru, Ləkər və Ərdəbil kəndlərində bu münasibətlə anım mərasimi düzənlənib.
Şəhidlərin il dönümü ərəfəsində təşkil olunan anım tədbirinə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin hərbçi yoldaşları, şəhid ailələri, qazilər və yerli sakinlər iştirak ediblər.
Anım mərasimlərində şəhidlərin məzarları ziyarət olunub, önünə güllər düzülərək ruhlarına dualar oxunub və şəhidlərin adına ehsan verilib.
Rayonun Soru kəndində Murtuz Çingiz oğlu Abbasovun anım mərasimində çıxış edənlər şəhidin keçdiyi qısa, lakin şərəfli ömür yolundan və Vətən müharibəsində göstərdiyi igidliklərdən danışıblar.
Məlumat üçün bildirək ki, M.Abbaosv 1998-ci il noyabrın 2-də Lerikin Soru kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, leytenant M.Abbasov Vətən müharibəsinin ilk günlərində döyüşlərə qatılıb və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. O, Mincivan qəsəbəsi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub və Lerikdə dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən və bu zaman vəzifə borcunu ləqayətlə yerinə yetirdiyinə görə, Murtuz Abbasov Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra "Vətən uğrunda" və "Zəngilan azad olunmasına görə" medalları ilə təltif edilib.
Rayonun Ləkər kəndində Təbriz Məhərrəməli oğlu Talıbovun şəhidliyinin brinci il dönümü qeyd edilib. Bu münasibətlə düzənlənən tədbirdə çıxış edənlər şəhidin döyüş yolu barədə məlumat veriblər və şəhidin şərəfli ömür yoluna nəzər salıblar.
Bildirilib ki, Təbriz Cəbrayıl və Zəngilan uğrunda gedən ağır atışmalarda iştirak edib. Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Briqadasında (ÇHB) xidmət edən Təbriz Talıbov düşmənin diversiya qrupunun ani basqını zamanı tək başına əks istiqamətə hərəkət edərək erməni silahlı dəstələrinə atəş açıb və basqın edən qrupun hədəf istiqamətini dəyişərək öz tərəfinə çəkib. Bu zaman Təbrizin döyüş yoldaşları pusqudan çıxsalar da özü şəhidlik zirvəsinə ucalıb. O, 22 oktyabrda Lerikdə dəfn olunub.
Məlumat üçün bildirək ki, T.Talıbov 1994-cü il iyunun 11-də Lerik rayonunun Ləkər kəndində anadan olub. 2000-2011-ci illərdə Siyov kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanan Təbriz əsgərlik dövründə özünün intizamı və hərb sənətinə marağı ilə seçilib. 2014-cü ildə təxris olunsa da bir neçə aydan sonra DSX sıralarında xidmətə qəbul olunmaq üçün müraciət edir. Təbriz 2015-ci ilin sentyabr ayında DSX sıralarına qəbul T.Talıbov ÇHB-da sürücü-mexanik kimi xidmətə başlayır. Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Təbriz Talıbov ailəli olub, 3 və 2 yaşlı qız övladları var.
Lerik şəhərində Altay Tahir oğlu Mövlanovun əziz xatirəsio anılıb. Bu münasibətlə düzənlənən tədbirdə çıxış edənlər şəhid döyüş və qısa, lakin əsrlərə bərabər həyat yolundan bəhs ediblər.
Bildirilib ki, 2000-ci il avqustun 5-də Lerik şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Altay Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Altay Mövlanovun qardaşı Elgün Mövlanov da müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) olub. O, da Vətən müharibəsində sentyabrın 30-da şəhid olub.
Altay şəhid olanda cibindən hərbi hissənin ona qardaşının yasında iştirak etmək üçün 5 günlük icazə kağızı tapılıb. Döyüş yoldaşlarının dediyinə görə, o, hərbi hissə komandirinə "Hazırda qardaşımın qisasını alıram, müharibədən sonra məzarını ziyarət edərəm" deyərək 5 günlük icazədən imtina edibmiş.
Allah bütün şəhidlərimizi rəhmət eləsin!