Səfir: Litvada Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirlər
- 03 oktyabr, 2025
- 17:29

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus (Kęstutis Vaškelevičius) Qarabağ regionunda bərpa işlərinin sürətindən heyrətləndiyini bildirib.
O, "Report"a verdiyi müsahibədə Azərbaycanın bu regionunu üç dəfə ziyarət etdiyini qeyd edib.
"Şahidi olduğum yenidənqurma işləri həqiqətən heyrətamizdir. Məsələn, Füzuli hava limanından Xankəndiyə gedən yolda beş yeni tuneldən keçdik. Xüsusilə heyrətamiz olan odur ki, bütün bunlar cəmi bir il yarım ərzində inşa edilib. Eyni zamanda, Qarabağın təbii gözəlliyindən və regionun mədəni irsindən heyrətlənmişəm. Bu, həmin ərazilərin turizm, kənd təsərrüfatı və iqtisadiyyat sahəsində böyük potensialı olduğunu göstərir. Əminəm ki, çiçəklənən, sülh və sabitlik içində olan Qarabağ həm Azərbaycana, həm də Ermənistana fayda gətirəcək. Ümid edirəm ki, zamanla hər iki xalqın hələ də hiss etdiyi yaraları və ağrını sağaltmaq mümkün olacaq", - səfir bildirib.
Diplomat vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Bakı və İrəvan arasında sülh sazişinin paraflanması mühüm nailiyyətdir:
"Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar, eyni zamanda regionda sabitlik və təhlükəsizlik baxımından hiss olunacaq nəticələr verir. Biz sülh sazişinin tezliklə imzalanacağına ümid edirik".
Kestutis Vaskelyaviçyus əlavə edib ki, bu irəliləyiş, həmçinin işgüzar dairələrin marağının artmasına səbəb olur:
"Çünki bu, proqnozlaşdırıla bilmə və sabitlik investisiyaların, eləcə də biznes layihələrinin planlaşdırılması üçün əsas amillərdir. TRIPP infrastrukturunun (Zəngəzur dəhlizinin Ermənistan ərazisindəki 42 kilometrlik hissəsi - red.) yaxın gələcəkdə istifadəyə verilə biləcəyi faktının özü sabitlik yaradır. Bu isə şübhəsiz ki, Litva biznesini maraqlandıracaq"
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.