Oğlunun toy günündə, Fərruxda şəhid olan 58 yaşlı ata - FOTOREPORTAJ

Qarabağ
  • 11 aprel, 2022
  • 13:11
Oğlunun toy günündə, Fərruxda şəhid olan 58 yaşlı ata - FOTOREPORTAJ

Fərrux dağında gedən döyüşlərdə şəhid olanlardan biri də, Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Hüseyn Əhməd oğlu Hüseynovdur.

Şəhidin oğlu Habil Hüseynli "Report"un Qərb bürosuna bildirib ki, atası 58 yaşında könüllü olaraq I Qarabağ müharibəsinə qatılıb.

H.Hüseynli əlavə edib ki, özü də həmin vaxtlar Gədəbəydə hərbi xidmətdə olub:

"Mən hərbi xidmətdə idim. Eşitdim ki, atam I Qarabağ müharibəsində iştirak etmək üçün Seyfəlidəki poliqonda təlimlərə başlayıb. Təlim komandiri ilə danışaraq hərbi xidmətdə olduğumu dedim. Atamın isə yaşının çox olmasına görə narahat olduğumu və onu evə buraxmalarını xahiş etdim. Atamı evə buraxdılar. Bir neçə gün evdə qalandan sonra anama evdə qala bilmədiyini, qələbə xəbəri ilə mütləq qayıdacağını deyərək birbaşa könüllü batalyonuna qoşularaq döyüşlərə qatılıb".

Şəhidin oğlu əlavə edib ki, atası döyüşələrə qatılandan bir neçə gün sonra maaşını alaraq evə qayıdıb:

"Çox təkid elədik ki, yaşı uyğun deyil getməsin, bacarmadıq. Gördük onu getmək fikrindən daşındıra bilmirik heç olmasa toya qədər evdə qalmasını və mənim toyumda iştirak etməsini dedik. Yenə də onu saxlaya bilmədik. Atam şəhid olan yoldaşlarının qisası alındıqdan və Vətənimiz mənfur qonşularımızdan təmizləndikdən sonra qələbə xəbəri ilə qayıdacağaını və ən azından özünü mənim toy günümə qədər çatdıracağını deyərək cəbhəyə qayıtdı".

H.Hüseynlinin sözlərinə görə, öz toy günündə atasının ölüm xəbəri gəlib:

"Atam mənim toyuma gələcəkdi. Lakin mənim toy günümdə atamın ölüm xəbəri gəldi. Atam Fərrux uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu. Sonradan döyüş yoldaşları yaşının çox olmasına baxmayaraq atamın döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Fərrux yüksəkliyi uğrunda gedən döüşdə isə erməni gülləsinə tuş gələrək şəhid olub. Təəssüf ki, döyüş yoldaşları atamın nəşini ərazidən çıxara bilməyiblər. Atam fəhlə adam idi, son günlərdə isə məsciddə bağban işləyirdi. Vətən sevgisi onu I Qarabağ müharibəsində ən ağır döyüşlərin mərkəzinə qədər apardı və şəhid oldu. Anam 5 il bundan əvvəl dünyasını dəyişib. Ölənə qədər atamın ona söz verdiyi üçün mütləq qayıdacağına inanırdı. Biz onun xatirəsini daim yaşatmağa çalışırıq. Mənim oğlum indi atamın adını daşıyır. Qəbri olmadığı üçün əmim rəhmətə gedəndə onun sinə daşına atamın da şəklini həkk etdirdik. Bu da bzim üçün bir təsəlli idi. Şükürlər olsun ki, Fərrux yüksəkliyi işğaldan azad olunub. Eşidəndə ki, ordumuz artıq Fərrux dağındadır və I Qarabağ döyüşlərində şəhid olanların qalıqları aşkarlanıb çox sevindik."