Konstantin Pimanov: "Azad olunmuş torpaqlarımızın inkişafı üçün dua edəcəyik"

Qarabağ
  • 07 aprel, 2021
  • 13:09
Konstantin Pimanov: Azad olunmuş torpaqlarımızın inkişafı üçün dua edəcəyik

“Məncə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin əməyi ilə həyata keçirilən bu səfərimiz biz ruhani liderlərinə göstərdi ki, doğma torpaq üçün dua etməkdən yorulmaq olmaz. İndi karantindir, məscidlər, kilsələr, sinaqoqlar bağlıdır, amma biz ayrı-ayrılıqda da olsa, torpaqlarımız üçün dua edəcəyik”.

“Report” xəbər verir ki, bunu Rus Ortodoks Kilsəsinin Bakı Yeparxiyasının mətbuat katibi protoierey Konstantin Pimanov işğaldan azad olunmuş Ağdamda jurnalistlərə bildirib.

“Çox istərdim ki, bir müddət sonra bu yerlər yenidən laləzara dönsün, buralarda uşaq gülüşləri əksik olmasın, insanlar ailə qursun, şad-xürrəm olsun. Təkcə Ağdamda da yox. Şuşa Azərbaycanın tacında mirvaridir... Həyat müharibədən əvvəlki kimi, bəlkə, daha da gözəl olsun. Bunun zəmanəti prezidentimiz, hökumətimiz və əlbəttə ki, müzəffər xalqımızdır”, - K.Pimanov əlavə edib.