Beynəlxalq səyyahlar Kəlbəcərdəki Xudavəng monastırında olublar

Qarabağ
  • 09 oktyabr, 2026
  • 13:16
Beynəlxalq səyyahlar Kəlbəcərdəki Xudavəng monastırında olublar

"Most Traveled People" (MTP) klubunu təmsil edən bir qrup beynəlxalq səyyah Kəlbəcər rayonunda yerləşən qədim Alban monastırı Xudavəngdi ziyarət edib.

"Report"un Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, qonaqlar Qafqaz Albaniyasının qədim abidələrindən birinin tarixi və memarlıq irsi ilə tanış olmaq imkanı əldə ediblər.

Səyyahlar həmçinin monastır ərazisini gəzib, daha sonra Kəlbəcər rayonunun dağlıq landşaftları arasında yerləşmə xüsusiyyətləri ilə tanış olublar.

Qonaqlara həmçinin işğal illərində qədim alban məbədində törədilmiş erməni vandalizminin nəticələri nümayiş etdirilib. Qeyd edilib ki, işğal dövründə ermənilər abidənin tarixi-memarlıq simasını saxtalaşdırmağa və təhrif etməyə cəhd ediblər.

Qeyd edək ki, bu gün dünyaşöhrətli "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günüdür.

Nümayəndə heyətində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniya da daxil olmaqla 13 ölkədən 40-a yaxın səyyah təmsil olunur.

44 - Tezliklə