Amerikalı səyyah Qarabağdakı bərpa tempini yüksək qiymətləndirib

Qarabağ
  • 09 oktyabr, 2026
  • 13:48
Amerikalı səyyah Qarabağdakı bərpa tempini yüksək qiymətləndirib

Qarabağda və Şərqi Zəngəzurda yeni yol infrastrukturunun tikintisinin miqyası və sürəti heyranlıq doğurur.

"Report"un Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, bunu "Most Traveled People" (MTP) klubunun beynəlxalq səyyahlar qrupunun tərkibində regionda səfərdə olan amerikalı səyyah Ancela Kaveni (Angela Caveney) bildirib.

Səyyahın sözlərinə görə, o, Azərbaycana ilk dəfədir səfər edir və artıq Şuşa, Ağdam və Kəlbəcərdə olub.

"Yeni yollar, körpülər və tunellər, eləcə də bütün bunların tez bir zamanda inşa edilməsi məni heyrətləndirdi. Mənim ölkəmdə bu, mümkün olmazdı", - o qeyd edib.

Amerikalı səyyah həmçinin Kəlbəcər rayonundakı mineral bulaqlara da baş çəkib. Onun sözlərinə görə, səfər onda müsbət təəssüratlar yaradıb.

Bakı və Azərbaycanın digər görməli yerləri haqqında danışarkən Kaveni bildirib ki, paytaxtın tarixi hissəsi, palçıq vulkanları və Qobustandakı qədim qayaüstü rəsmlər onda xüsusi maraq doğurub.

Qeyd edək ki, bu gün "Most Traveled People" klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfərinin ikinci günüdür.

Nümayəndə heyətinin tərkibində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniya da daxil olmaqla, 13 ölkədən 40-a yaxın səyyah təmsil olunur.

Bu, 2021-ci ildən 2026-cı ilə qədər olan dövr ərzində aparıcı beynəlxalq səyyah klublarının Qarabağa və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir.