82 yaşlı Xocalı sakini: “Ermənilər oğlumu girov götürdülər, 30 ildir xəbər yoxdur”
- 26 fevral, 2022
- 17:32
Yeniliklərdən dərhal xəbərdar olun!
“Xocalıdan çıxanda 52 yaşım var idi. Faciədən öncə yollar bağlanmışdı, elektrik enerjisi də kəsilmişdi. Camaat artıq hiss edirdi ki, nə isə hadisə olacaq”.
Bu sözləri Xocalı sakini, Vəliyəddin Quliyev “Report”un Qərb bürosuna verdiyi müsahibədə bildirib.
Xocalı müsibətindən zərər görən Goranboy rayon Ağcakənd kəndində məskunlaşmış V . Quliyev həmin günü ağır hisslərlə xatırlayır:
“Elə fevral ayının 25-dən 26-sına keçən gecə gördük ki, Xankəndi tərəfindən “BTR”lər gəlir. Bizim olduğumuz yerdə post qurmuşduq. Oğlum, kürəkənim, bir neçə digər qohumlarım da həmin postda idilər. Mən evdən çıxıb onların yanına getdim. Həmin iki “BTR” kəndin hündür yeri olan, “Bozdağ” adlanan ərazidən insanlara atəş açmağa başladı. Biz binanın zirzəmisində gizlənməli olduq. Həmin yerə çox sayda yaralılar gətirilirdi”.
O qeyd edib ki, fevralın 14-də Xocalı sakinlərini təxliyyə etmək üçün gələn helikopterlə ailə üzvlərini yola salıb:
“Demişdilər ikinci helikopter gələcək, lakin gəlmədi. Xocalı mühasirəyə alınan günü mənim yanımda oğlum və kürəkənim qalmışdı. Düşmən hər tərəfdən hücuma keçmişdi. Hardasa 250 nəfər mühasirəyə düşmüşdük, lakin pulemyot silahımız var idi və imkan vermirdik ki, düşmən bizim tərəfə yaxınlaşsın. Gecə sakitlik düşdü, baxdıq silah-sursat bitir və ermənilər daha bizə tərəf gəlmir, olduğumuz yerdən çıxıb qruplara bölünərək qaçmağa başladıq.
Biz Ağdama çatdıq, lakin oğlumun olduğu dəstənin içərisində bir nəfər deyib ki, mən buraları yaxşı tanıyıram, bu tərəfə yox, digər istiqamətə getmək lazımdır. Lakin onun apardığı yol Əsgərana, düşmənin olduğu yerə gedirmiş. Orada bir çox insan, həmçinin oğlum girov düşüb. Onları həmin yolla aparan şəxsi isə ermənilər öldürüb, sonra meyitini yandırıblar. Onunla yanaşı 4 nəfəri də qətlə yetirib, meyitini yandırıblar”.
Vəliyəddin Quliyev bildirib ki, Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin çıxarılmasında iştirak edib:
“Orada ermənilər silah əllərində bizə nəzarət edirdilər. Mən həmin ermənilərdən oğlum haqqında maraqlandım. Dedilər ki, sağdı qaytaracağıq onu, lakin qaytarmadılar. Bir neçə dəfə o vaxtkı hökumətimizə də müraciətlər etdim, lakin heç bir nəticə olmadı. O vaxtlar, kimsə dedi sağdı, kimsə dedi öldürüblər. Bu günə qədər onun aqibətini bilmirik. Amma 30 il keçməsinə baxmayaraq, yenə də onun yolunu gözləyirəm”.