Xalq rəssamı Qəyyur Yunus: Tarı sındırıb rəssamlığa getmişəm – MÜSAHİBƏ

Müsahibə
  • 10 sentyabr, 2026
  • 12:43
Xalq rəssamı Qəyyur Yunus: Tarı sındırıb rəssamlığa getmişəm – MÜSAHİBƏ

– Mən də bu həyətdə böyüsəm, rəssam olardım, – dəmir darvazadan içəri girər-girməz deyirəm. Görüşürük. Düz iyirmi gün öncə gəlib qapısından qayıtdığımız emalatxanaya tərəf addımlaya-addımlaya müsahibim dillənir.

– Təmir hələ tam yekunlaşmayıb, amma bir az fasilə verdik.

Həyətin bir tərəfində emalatxana, digər tərəfində isə ev görünür. Həmin evə baxdığımı görən müsahibim:

– Babam Almas Hacı Əlyunus bu evi 1920-ci ildə Sovet hökumətinə verdi, Qızlar Məktəbi kimi istifadə olunmağa...

– Bəs sonra nə oldu?

– Beş il sonra babam evimizdən bir qədər irəlidə, – əli ilə həyətin qarşı tərəfini göstərir, – məktəb tikdirdi, bu evi də qaytardılar bizə.

Müharibədən sonra isə – onda mən uşaq idim, – atam yenə də elə həmən bu evin bir hissəsini bağçaya vermişdi. Bu otaqdan çıxıb o biri otağa – bağçaya gedirdim. Manqaldan kömür götürüb bütün divarlara şəkillər çəkirdim. Bağçada dayə gəlib anama şikayət edirdi ki, ay Mələknisə xanım, sənin bu oğlun bütün divarları yazıb, şəkillər çəkib. Mən də deyirdim ki, öz evimizdir də... özüm bilərəm...

Pilləkənləri qalxıb emalatxananın içərisinə daxil oluruq. Sağımda, solumda gördüyüm qabarıq, işıqlı insan simaları ilə birgə müsahibə üçün yerimizi rahatlayırıq.

"Report" Xalq rəssamı Qəyyur Yunusla müsahibəni təqdim edir.

– Əsərə adı necə qoyursunuz? Bu, əvvəldən bilinir, ya getdikcə...

– Adətən, ideya, fikir formalaşanda adla bağlı da müəyyən təəssürat olur, amma çəkdikcə daha yaxşı ad da düşündüyüm olub.

– Bəs adsız çəkdiyiniz nəsə var?

– Yox, adsız olmaz ki... İşin mənasına, vəziyyətinə, süjetinə görə, eləcə də mənəvi daşıyıcılığına görə ad düşünürəm. Tək mənə aid deyil, bir çox rəssamlar eyni prinsiplə işləyir. Amma klassiklərdə bir az başqa idi. Onlar sifariş götürəndə ad qoymağa əsaslanmayıblar. İtaliya olsun, İspaniya, Niderland... Sifarişi alırdılar, çəkirdilər, vəssalam. "Mona Liza"ya ad sonradan qoyulub, Da Vinçi ona "Mona Liza" deməyib. Gah "Cokonda" deyiblər, gah "Mona Liza".

– Adlardan danışmışkən, adınızı kim qoyub?

– Adımı atam qoyub, əmimin adıdır. Babamın 11 uşağı olub, atam onlardan sonbeşikdir. Əmim cavan vaxtı dünyasını dəyişib, atam da öz qardaşının adını mənə qoyub.

– Bəs siz ailədə neçə nəfər olmusunuz?

– Mənim bir bacım, bir qardaşım var.

– Onlardan yaradıcı olanı var?

– Yox, onlar müəllimdirlər.

– Müəllimlik də bir yaradıcılıqdır, məncə. Həm də çox çətin.

Gülür.

– Hə, razılaşmaq olar.

– Bəs övladlarınızdan necə, yaradıcılıqla məşğul olanı var?

– Qızlarımın ikisi də Rəssamlıq Akademiyasını bitirib, biri sənətşünasdır, biri isə qobelen (Dekorativ təsviri sənətin bir növü – N.P) sahəsindədir.

– Qəyyur müəllim, məktəbdə oxuduğunuz zaman atanız sizin musiqiçi olmağınızı istəyibmiş, hətta sizə tar da alıbmış.

– Mən o tarı sındırdım.

– Niyə?

– Altıncı sinifdə oxuyurdum, mənə demədən mənim üçün tar almışdı. Anama deyibmiş ki, istəyirəm, musiqiçi olsun. Amma mən elə lap uşaq yaşlarından ora-bura rəsmlər çəkirdim. Anamdan bunu eşidəndə dedim ki, axı mən istəmirəm, mən rəssamlığı istəyirəm. Atam bunu eşidib çox əsəbiləşdi, dedi ki, olmaz, sən tarı öyrənəcəksən. Haradasa, altı ay musiqi məktəbinə getdim, zor, güc nələrsə öyrənməyə çalışdım. Bezmişdim, heç yaxşı mənimsəyə də bilmirdim, sözün düzü. Birtəhər "Çahargah" muğamının bir hissəsini öyrəndim.

Səhər məktəbə, günorta musiqi dərsinə... Beləcə altı ay dözə bildim, günlərin bir günü evin yuxarı tərəfindəki qayalıqda təklikdə oturub düşünməyə başladım. Çarə axtarırdım. Bilirdim ki, atamı yola gətirmək müşkül məsələdir. Nə edim, necə edim, axırı götürüb tarı çırpdım qayaya. Tarın qolu ilə çanağı iki yerə parçalandı.

– Bəs atanızdan qorxmadınız?

– Axı mən musiqiçi olmaq istəmirdim, başqa çarəm də yox idi. Tarı eləcə bölünmüş vəziyyətdə gətirib anama verdim. Anam görən kimi təəccübləndi, qorxdu. Dedi, atana nə deyəcəyik, filan...

– Və atanız gəldi.

– Hə... Atam axşama yaxın gəldi, anam yeməyini, çayını verdi. Yeməkdən qabaq heç nə demədi.

– Tox olanda əhval yaxşı olur axı.

– Hə, anam da elə düşünüb. Atam yeməyini yeyib, çayını içəndən sonra anam dedi ki, bəs Qəyyur bilirsən nə edib? Mən də yandakı otaqdan gizlincə qulaq asırdım. Atam qayıtdı ki, nə edib? Anam dedi, oğlun tar dərsinə getməyib, hələ bir tarı da sındırıb. O istəmir, tarla məşğul olsun. Atam bunu eşitdi, çıxdı özündən. Məni çağırdı yanına, əsəbi-əsəbi dedi ki, tara getmirsən, heç getmə, sevmirsən, heç sevmə, day onu niyə sındırırsan? Heç nə deyə bilmədim, eləcə baş alıb qaçdım. Amma yenə də rəssamlıq dərnəyinə getməyimə imkan vermədi.

– Niyə rəssamlığa qarşı belə aqressiv idi ki?

– Heç bir aqressiyası yox idi, sadəcə, deyirdi ki, dərnəyə gedincə Səttarın (söhbət Xalq rəssamı, Azərbaycan impressionizminin banisi Səttar Bəhlulzadədən (1909-1974) gedir - red) yanına get.

– Hə, Səttar Bəhlulzadə ilə qohumluğunuz var.

– Səttar atamın bibisi oğlu idi.

– Bəs niyə getmirdiniz ki?

– Utanırdım.

– Nədən?

– Nə bilim, əşi? Uşaq idim axı, eləcə utanırdım.

– Bəs necə oldu?

– Gizlincə yenə də rəssamlıqla məşğul oldum, bizdə evin damı vardı, orada işləyirdim. Axırı anam dedi ki, a kişi, bu uşaq gecə-gündüz rəsm çəkir, imkan ver, getsin dərnəyə...

– Yenə də analar...

– Hə, beləcə anam atamı razı sala bildi, amma atam bir şərtlə razılaşdı ki, dərnəklə paralel Səttarın da yanına gedim.

– Unikal çıxış yoludur.

Gülür.

– Yeddinci sinfə keçirdim, dərnəklə bərabər başladım Səttarın yanına getməyə. Məni çox yaxşı qarşıladı, dərnəkdən, filan danışdıq, hətta tar dərsinə getdiyimi də bilirdi. Amma day demədim ki, tar nə gəzir, tarı sındırmışam.

– Nə danışırdınız Səttarla?

– Hər şey. Səttarla nədən danışmırdıq ki?.. Sənə bir söz də deyim, Səttar məni qətiyyən emalatxanasına buraxmırdı. Deyirdi ki, nə vaxt rəssamlıq məktəbinə (Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi nəzərdə tutulur. Azərbaycanın ilk rəssamlıq məktəbi hesab olunur, – N.P) qəbul olarsan, ondan sonra... Elə də oldu, mən məktəbə qəbul oldum, məni təbrik elədi, miniatür kitabını bağışladı. Və emalatxanasının ünvanını, yerini, ora necə getməli olduğumu başa salıb dedi ki, gələrsən yanıma.

– Getdiniz.

– Getdim. Elə o vaxtdan sonra həftədə ən azı üç-dörd dəfə görüşməyə başladıq. Gəlirdi bizim məktəbin qarşısına, uşaqlara deyirdi ki, get Qəyyuru çağır bura. Uşaqlar bilirdi ki, Səttarla qohumam, emalatxanasına gedirəm, mənə deyirdilər ki, onları da özümdən aparım. Mən də risk edib onları apara bilməzdim, özüm zorla icazə almışam. Bilirəm ki, Səttar onları içəri buraxan deyil. Axırı üçüncü kursda bir dəfə dedim ki, bəs uşaqlar emalatxananı görmək istəyir. Nə əcəbsə dedi, gətir. Getdik, Səttar uşaqları yoxlamağa başladı. Dedi ki, o küncdəki işləri götürün yığın bu tərəfə. Uşaqlar böyük işi əvvəl qoydular, ardınca da kiçik işi ona söykədilər. Olmaz axı. Qətiyyən olmaz. Kətan zədələnər. Səttar əsəbiləşdi, çıxdı özündən, dedi, sizə o məktəbdə ən bəsit şeyləri də öyrətməyiblər? Hamısını qovdu.

Ümumiyyətlə, Səttar ünsiyyətcil adam idi, sadəcə, gərək qarşı tərəfin də elmdən, incəsənətdən başı çıxsın, yoxsa söhbətin alınmaz. Bir dəfə nəsə söhbətdə boşboğazlıq elədinsə, qanın getdi, bir də səninlə kəlmə kəsməz, elə bir adam idi.

– Səttar Bəhluzadənin o vaxt Heydər Əliyevlə görüşü olmuşdu. Xatırlayırsınız?

– Əlbəttə! Səttar kiril qrafikası ilə yaza bilmirdi, ancaq əski əlifbanı bilirdi. Heydər Əliyevin qəbuluna düşməklə bağlı məktubunu hətta mənə yazdırdı. Məktub belə idi: "Altmış üç yaşlı sənətkarın qəlbini beş dəqiqəlik dinləmək üçün məni qəbul etməyinizi xahiş edirəm".

– Qəyyur müəllim, keçən dəfə siz mənə kataloqunuzu bağışlamışdınız, mən o kataloqa baxdıqca fikrimdən belə bir şey keçdi ki, siz əsl Azərbaycan rəssamısınız.

– Elə olmalıdır da bəs. Mən azərbaycanlıyam, əl işlərimə baxan mənim milli kimliyimi özü hiss eləməlidir.

– Sizin əl işləriniz daha çox Qacar üslubundadır.

– Mən o üslubu daha da irəli aparan, inkişaf etdirən rəssamam. Deyəndə deyirlər, Qacar rəssamlıq məktəbi, filan... Olsun, desinlər, amma inkişaf etdirməyim də deyilməlidir axı.

– İnkişaf deyəndə nəyi nəzərdə tutursunuz?

Yerindən qalxıb divar boyunca sərgilənən əsərlərdən birinin qarşısında dayanır. Mən də qalxıram.

– Bu üslubun yaranma tarixində, hələ ta şahların dövründən məhdudlaşdırma olub. Şahdır, deyir, belə çək, vəssalam. Amma mən o səddi aşmışam, məhdudlaşdırma anlayışından çıxmışam.

O vaxt hər şey teatral ab-havada idi, obrazın üzünə baxırsan, donuq, solğun, elə bilirsən, yuxuludurlar. Amma bax! – əsərlərdən birini göstərir. Doğrudan da, baxdığımız əsərdəki ailə tablosu o qədər canlı görünür ki, obrazları yanımızda hiss edirəm.

Elə bu dəm əsərlərdən birinin üzərindəki yazı diqqətimi çəkir.

– Əlif, lam və mim... Ərəb əlifbasının hərfləri... nə deməkdir bu?

– Qurandan bir ayədir. Sirri qiyamətdə açılacaq ayələrdən biri.

– Əl işlərinizdə qadın və balıq simvolu çoxluq təşkil edir. Bu nə ilə bağlıdır?

– Qadın ailədir, balıq isə Allahın suda yaratdığı bir ruzi, nemət. Buna həm də bərəkətin simvolu kimi yanaşıram, digər tərəfdən isə Yunus peyğəmbərlə bağlı... Görürsən, mənim soyadım da Yunusdur.

Əsərlərdən birinin qarşısında dayanırıq.

– Adəm və Həvva?

– Hə, elə bu da ailəni ehtiva edir. Məndə ailə ilə bağlı əsərlər çoxdur.

– Müəllim, "Aşıq Qərib" (Rejissorlar David Abaşidze və Sergey Paracanov. 1988-ci ildə Azərbaycan məhəbbət dastanının motivləri əsasında çəkilən film, – N.P) filmi var, baxmısınız?

– Yox, baxmamışam, niyə soruşursan?

– O film bir az teatral ab-havada çəkilib, obrazların qrimi də məhz Qacar üslubundadır.

– Deyəsən, xatırladım. Erməni rejissor deyil?

– Hə, rejissorlardan biri erməniəsilli sovet rejissorudur.

– Bir hissəsini görmüşəm, məncə, filmdə o effekti almaq çətin olar. Rəssamlıq başqadır, tamam başqa. Bilirsən, mənə elə gəlir, ermənilərin hər işi oradan-buradan götürmədir, oğurluqdur. Bax erməni demişkən, Rəssamlıq Akademiyasında qızımın tələbə yoldaşı vardı. O qız təhsilinin davamını Rusiyada alırdı. Təsadüfdən erməni bir qadınla tanış olur, həmin qadın soruşub ki, bəs Qəyyuru tanıyırsan? Qızımın rəfiqəsi deyib ki, əlbəttə, rəfiqəmin atasıdır, azərbaycanlı rəssamdır. Həmin qadın deyib ki, yox e, nə azərbaycanlı, Qəyyur Yunus erməni rəssamdır. Təsəvvür elə, qızımın rəfiqəsinə bir nəfər erməni sübut eləməyə çalışırmış ki, Qəyyur ermənidir.

– Qəyyur müəllim, özəl sifarişləriniz olur?

– Özəl deyəndə ki, yəni necə?

– Məsələn, kimsə deyir ki...

– Portret?

– Yox, tutaq ki, mən sizin üslubda hər hansısa bir insanın simasında qorxu görmək istəyirəm. Sizə elə bir sifariş vermək istəyirəm.

Qolumdan tutur və emalatxananın digər otağına keçirik. Burada Qəyyur müəllimin hazırda üzərində işlədiyi əsəri görürük. Əsərdə sırf mən istəyən qorxu motivi özünü göstərir. Obrazlardan birinin üzündə-gözündə qorxu maksimum həddə özünü büruzə verir.

– Bunu nə zamandır, çəkirsiniz?

– Bir aydır.

– Nə zaman bitər?

– Yəqin, üç aya.

– Bax buradakı obrazların bəzilərinin siması hələ hazır deyil, amma sizin düşüncənizdə, yəqin, mövcuddurlar, hə?

– Əlbəttə. Onların hamısı mənim düşüncəmdə mövcuddur. Zamanla yerinə oturacaq.

– Bəs əsərlərinizi alan var?

– Hə, olur. Sən bayaq sifariş deyirsən e, bax kimsə maşın almaq istəyir, filan qədər də pulu var. Gedir salona, cibinə uyğun maşını alır da. Eləcə də rəssamlıqda, kim hansı üslubda, hansı düşüncədə əsər almaq istəyir, gəlib tapır və alır. Mənim üslubumu da istəyən, başa düşən gəlib tapır və alır.

Bu vaxt Qəyyur müəllimin hazırda üzərində işlədiyi əsərin arxa tərəfindəki əsərlərdən biri diqqətimi çəkir.

– Bu üslub sizə bir az yaddır...

– Nəvəmin əl işidir.

– Səttardan fərqli olaraq, siz emalatxananızı uşaqların da üzünə açırsınız, deməli.

– Day nəvəmdir də... Nəvə şirin olur, ona nəyisə imtina eləmək çətindir, amma həm də işıqlıdır.

– Elədir. O işığı mən də gördüm. Bu isə Səttardır, – divarda Səttarın portretini görürəm.

– Hə, 1972-ci ildə çəkmişəm. Elə söz vaxtına çəkər, avqust-sentyabr ayları idi. Dedim, portretini çəkmək istəyirəm. Dedi, kətanın var, dedim yox, dedi, götür elə kartona çək. Mən də çəkdim.

– Mən sizin müsahibələrinizin birində oxudum ki, Qacar üslubunda əsərləri ilk dəfə Milli İncəsənət Muzeyində görmüsünüz və ondan sonra sarsılmısınız. Bax bu sarsılmağı mənə izah edin.

– Bu valeh olmağın sarsıntısıdır. Mən, doğrudan da, sarsılmışdım, həmin üslub, həmin texnika məni valeh eləmişdi. Söz tapa bilmirdim.

– Ondan sonra başladınız bu üslubda davam eləməyə. Bəs üslub və texnikadan başqa əvvəlki işlərinizlə indiki arasındakı fərq nədir?

– Gəl göstərim.

Qəyyur müəllim emalatxanada qalaq-qalaq üst-üstə yığılmış əsərlər tərəfə adlayıb onların içərisindən bir neçəsini götürüb mənə verir. Mən də bayaqkı söhbəti xatırlayıb əvvəl kiçik həcmliləri, daha sonra böyükləri üst-üstə düzürəm. Bunu görən Qəyyur müəllim gülümsəyir:

– Qorxma, bunlar kətan deyil, zədələnməz, amma bu diqqətlə Səttarın imtahanından rahat keçə bilərdin.

Yanaşı düzülən əsərlərə baxan kimi dərhal fərqi görmək olur, ona görə də bu hissədə əlavə şərhə ehtiyac duymuram, fotoqrafımız onu lazımınca çatdıracaq.

– Sizin əl işlərinizdə vurğu daha çox adamların simasında olur. Qacar üslubu bir yana, həm də Rembrandtı (XVII əsrdə yaşamış dünyaca məşhur rəssam, holland rəssamlığının qızıl dövrünün ən parlaq nümayəndəsi hesab olunur, – N.P) xatırlayıram mən. Çünki onun əsərlərinə də baxanda sima yaxşı mənada adamın gözünə girir.

– Hə, haqlısan, amma məndə bu texnika sırf Qacar üslubu ilə tanışlıqdan sonra oldu. Və dediyim kimi, mən o üslubu təkcə mənimsəmədim, həm də irəli apardım, bacardıqca irəli.

– İnanclı adamsınız, bəs deyirlər, dində insan siması yaratmaq...

Fikrimi tamamlamağa qoymur.

– Tamamilə yalan söhbətdir, uydurmadır. Mən bir inanclı adam kimi, Quranı oxumuş biri kimi sənə deyirəm, Quranda belə bir qadağa yoxdur. Bu söhbəti dindən-imandan başı çıxmayan, İslam incəsənətini gözü götürməyənlər uydurub. Ən bəsit nümunəni deyirəm sənə, məgər Qacarların inancı yox idi? Belə bir qadağa vardısa, o vaxtın şahlarının dövründə belə bir üslub necə yaranardı?

Yavaş-yavaş söhbətimizi yekunlaşdırıb həyətə çıxırıq.

– Səttar da bu həyətə gəlib gedib hə?

– Əlbəttə, o qədər...

Həyətin iri dəmir darvazasından çıxa-çıxa yenə də müsahibənin əvvəlindəki fikrimi xatırlayıram. Doğrudan da, mənə elə gəlir, bu həyətə bir-iki dəfə də gəlsəm, mən də nələrsə çəkə bilərəm...