İqbal Babayev: "Milli biznes Aİİ və Mərkəzi Asiya bazarında yeni imkanlar əldə edəcək" - MÜSAHİBƏ

Müsahibə
  • 25 avqust, 2026
  • 11:00
İqbal Babayev: Milli biznes Aİİ və Mərkəzi Asiya bazarında yeni imkanlar əldə edəcək - MÜSAHİBƏ

Azərbaycan və Qırğızıstan strateji əməkdaşlığı ardıcıl olaraq dərinləşdirir və bu tərəfdaşlığın əsas iqtisadi hərəkətverici qüvvəsi birgə investisiya təşəbbüslərinin praktiki olaraq həyata keçirilməsidir.

Qırğızıstan iqtisadiyyatının dinamik inkişafı, Orta Dəhlizin nəqliyyat-logistika imkanlarının genişlənməsi və Bakı ilə Bişkek arasında birbaşa aviareyslərin açılması iki ölkənin işgüzar dairələrinin inteqrasiyasına güclü təkan verir. Bu prosesdə dövlət başçılarının qərarı ilə nizamnamə kapitalı 200 milyon ABŞ dollarına çatdırılan Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) mühüm rol oynayır. Bu, infrastruktur və sənaye sahələrində meqalayihələrin maliyyələşdirilməsi üçün yeni imkanlar açır.

AQİF-in İdarə Heyətinin həmsədri İqbal Babayev "Report"a müsahibəsində Fondun kapitalının iki dəfə artırılmasının investisiya qərarlarının qəbul edilmə sürətinə necə təsir göstərəcəyi, portfelə hansı sahəvi prioritetlərin daxil edildiyi, habelə Fondun Azərbaycan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) bazarı arasında biznes körpüsü rolunu necə yerinə yetirdiyi barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Bu yaxınlarda dövlət başçıları Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalının iki dəfə artırılmasına dair qərar qəbul ediblər. Bu qərar Fondun yeni, o cümlədən iri layihələri maliyyələşdirmək imkanlarını nə dərəcədə genişləndirəcək? Kapitalın artırılması investisiya qərarlarının qəbul edilmə sürətinə təsir edə bilərmi?

- İlk növbədə, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaranma tarixi barədə bir qədər danışmaq istərdim.

AQİF Qırğızıstanın Nazirlər Kabineti və Azərbaycan hökuməti arasında 11 oktyabr 2022-ci il tarixli sazişə uyğun olaraq təsis edilib. Yaradıldığı vaxt Fondun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edirdi.

2023-cü ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Fondun nizamnamə kapitalının dörd dəfə - 100 milyon ABŞ dollarına qədər artırılmasına dair qərar qəbul edilib. Bu qərar digər məqamlarla yanaşı, həm də daxil olan müraciətlərin sayının çoxluğu – 40-dan çox olması ilə bağlı idi.

İki ölkə arasında imzalanmış 22 may 2024-cü il tarixli əlavə sazişə əsasən, AQİF-in nizamnamə kapitalı 100 milyon ABŞ dollarına qədər artırılıb.

Bu yaxınlarda isə biz üçüncü mərhələnin - Fondun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılmasının şahidi olduq.

Şübhəsiz ki, kapitalın artırılması AQİF-in yeni investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Fondun kapitalı nə qədər çox olarsa, biz bir o qədər çox layihəni, o cümlədən irimiqyaslı və potensial olaraq sistemli layihələri nəzərdən keçirə və maliyyələşdirə bilərik.

Belə layihələrin həyata keçirilməsi yeni istehsal sahələrinin inkişafına, Qırğızıstanın ixrac potensialının genişlənməsinə, yeni iş yerlərinin açılmasına kömək edə və bütövlükdə, ölkənin iqtisadi inkişafına mühüm təsir göstərə bilər.

İnvestisiya qərarlarının qəbul edilmə sürətinə gəlincə, qeyd etmək vacibdir ki, nizamnamə kapitalının məbləği bu göstəriciyə birbaşa təsir göstərmir. Maliyyələşdirmə ilə bağlı bütün qərarlar müəyyən edilmiş prosedurlara uyğun olaraq qəbul edilir və AQİF-in müvafiq orqanlarının səlahiyyətinə aiddir.

Bununla belə, nə tələb olunan maliyyənin məbləği, nə də layihənin miqyası baxılma prosedurunun müddətini müəyyən edən amillər deyil. Müəyyən edilmiş prosedurlara əsasən, Fondun İdarə Heyəti və Şurası layihənin baxılmaq üçün daxil olduğu andan etibarən iki ay ərzində onun maliyyələşdirilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul etməlidir.

- AQİF-in artırılmış kapitalı nə vaxt iki ölkənin iqtisadiyyatının inkişafına tam töhfə verməyə başlayacaq? Kapitalın artırılması ilə əlaqədar bir layihə üzrə mövcud maliyyələşdirmə limitlərinə yenidən baxılması və ya iri və ortamiqyaslı investisiya təşəbbüsləri arasında vəsait bölgüsünə yanaşmalarda dəyişikliyin edilməsi planlaşdırılırmı?

- Elan edilmiş və faktiki ödənilmiş kapitalı bir-birindən fərqləndirməyin vacibliyi məsələsində sizinlə tam razıyam. Bu günə olan vəziyyətə görə, Fond təsdiq edilmiş nizamnamə kapitalının 50 %-nə malikdir və bu məbləğ maliyyə dəstəyi ilə bağlı müraciətlərə tam şəkildə baxmaq üçün kifayətdir.

Bununla yanaşı, investisiya layihələrinin idarə edilməsi xüsusi diqqət tələb edir və bir çox amilləri nəzərə almalı olan kifayət qədər mürəkkəb sistemdir.

Biz dinamik şəkildə dəyişən iqtisadi mühitdə işləyirik, buna görə də iqtisadi vəziyyət və investisiya mühitindəki dəyişiklikləri nəzərə alaraq, daxili tələbləri, meyarları və maliyyələşdirmə şərtlərini daim təkmilləşdirir və uyğunlaşdırırıq.

Qırğızıstan da, digər ölkələr kimi, inkişaf edir və bununla birlikdə Fond da dəyişir. Buna görə də biz yalnız iri və ortamiqyaslı investisiya təşəbbüsləri arasında vəsaitlərin bölüşdürülməsinə yanaşmaları deyil, həm də bütövlükdə layihələrə baxılması, qiymətləndirilməsi və maliyyələşdirilməsi sistemini təkmilləşdiririk.

Kapitalın artırılması, şübhəsiz ki, müxtəlif miqyaslı layihələrin maliyyələşdirilməsinə daha çevik yanaşma üçün əlavə imkanlar yaradır. Xüsusilə, bu, Fonda ölkənin iqtisadi inkişafına əhəmiyyətli təsir göstərə biləcək iri strateji layihələri daha fəal şəkildə nəzərdən keçirməyə imkan verəcək.

Bir layihə üzrə maliyyələşdirmə limitlərinə konkret olaraq yenidən baxılmasına gəldikdə isə, bu cür qərarlar Fondun maliyyə imkanları, layihələrin keyfiyyəti və qəbul edilən risklərin səviyyəsi nəzərə alınmaqla qəbul edilməlidir. Buna görə də kapitalın artırılması bütün mövcud limitlərin avtomatik olaraq dəyişməsi demək deyil – biz belə dəyişikliklərin zəruriliyini təcrübə və bazar ehtiyaclarına uyğun olaraq qiymətləndirəcəyik.

- Fondun nizamnamə kapitalının artırılması Azərbaycan və Qırğızıstan arasında yeni istehsal zəncirlərinin formalaşmasına təkan verə bilərmi? Sizcə, birgə istehsalatların yaradılması, məhsulların lokallaşdırılması və sonradan üçüncü ölkələrin bazarlarına çıxarılması üçün hansı sahələr ən böyük potensiala malikdir?

- Şübhəsiz ki, nizamnamə kapitalının artırılması Fonda investisiya portfelini genişləndirmək üçün əlavə imkanlar verir. Həyata keçirilən layihələrin sayının artması da öz növbəsində, qarşılıqlı ticarət dövriyyəsinin artmasına və Azərbaycanla Qırğızıstan arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.

Bununla belə, nizamnamə kapitalının hələ 25 milyon ABŞ dolları məbləğində olduğu ilkin dövrdə Fondun təsis sənədlərində onun fəaliyyətinin əsas istiqamətləri və investisiya siyasəti müəyyən edilmişdi. Buna görə də kapitalın artırılması AQİF-in əsas iş prinsiplərini dəyişmir, əksinə, ilk növbədə, onların həyata keçirilməsi imkanlarını genişləndirir və daha çox sayda investisiya layihəsini maliyyələşdirməyə imkan verir.

Qeyd etmək vacibdir ki, Fond kredit ayırmır. Bizim maliyyələşdirmə modelimiz Qırğızıstanda qeydiyyatdan keçmiş hüquqi şəxslərin kapitalında iştirakı nəzərdə tutur. Fond 7 ilə qədər müddətə investisiya yatıra və layihənin ümumi dəyərinin 49 %-nə qədərini maliyyələşdirə bilər.

İnvestisiyadan çıxış strategiyası hələ sazişin bağlanması mərhələsində müəyyən edilir. Qoyulmuş vəsaitlər nəzərdə tutulan gəlirlilik nəzərə alınmaqla qaytarıldıqdan və müəyyən edilmiş multiplikatora nail olunduqdan sonra Fond şirkətin kapitalından çıxır. Mümkün mexanizmlərdən biri "Call/Put Option"dan (payın geri alınması üçün əvvəlcədən razılaşdırılmış şərtlər) istifadə edilməsidir.

Bununla yanaşı, Fond tərəfindən maliyyələşdirmənin əsas məqsədləri yeni iş yerlərinin yaradılması, Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması, idxalın əvəzlənməsi, "yaşıl maliyyələşdirmə"nin inkişafı, ixracyönümlü layihələrin dəstəklənməsi, kiçik və orta biznesin inkişafı, büdcəyə vergi daxilolmalarının artırılması, innovasiyaların və rəqəmsal texnologiyaların tətbiqi, habelə dayanıqlı iqtisadi inkişafa töhfə verən digər təşəbbüslərin həyata keçirilməsidir.

Fond üçün sahəvi məhdudiyyətlər məhduddur. İnvestisiya siyasətinə uyğun gəlməyən istiqamətlər istisna olmaqla, iqtisadiyyatın demək olar ki, bütün sektorlarında layihələr nəzərdən keçirilir. Bununla belə, hərbi-sənaye kompleksi və ikili təyinatlı məhsulların istehsalı, məcburi və ya uşaq əməyindən istifadəyə əsaslanan layihələr, qumar biznesi və kazinolar, həmçinin siyasi partiyalar və təşkilatlarla əlaqəli təşəbbüslər maliyyələşdirilmir.

Beləliklə, iqtisadiyyatın demək olar ki, istənilən sektoru AQİF tərəfindən potensial investisiya istiqaməti kimi nəzərdən keçirilə bilər. Bununla belə, investisiya siyasətinin formalaşdırılmasında əsas strateji istiqamət Qırğızıstan Prezidentinin 2025-ci ilin iyun ayında imzaladığı fərmanla təsdiq edilmiş ölkənin 2030-cu ilə qədər olan dövrü əhatə edən Milli İnkişaf Proqramıdır.

Bundan başqa, Qırğızıstan Nazirlər Kabineti hər il bütün ölkə üzrə "100 sənaye müəssisəsi və obyekti"nin siyahısını tərtib edir. Bu siyahıya tikinti materialları istehsalı, qida emalı, yüngül sənaye və digər sahələrdəki layihələr daxil edilir. Onların həyata keçirilməsi xüsusilə yeni iş yerlərinin yaradılmasına, regionların inkişafına və ölkənin istehsal bazasının genişləndirilməsinə yönəlib.

Buna görə də maliyyələşdirmə prioritetlərini müəyyən edərkən Fond Qırğızıstanın strateji sənədlərini, dövlət inkişaf proqramlarını, iqtisadi ehtiyacları, konkret sahələrin investisiya potensialını, eləcə də hər bir layihənin həyata keçirilmə perspektivlərini və onun Fondun missiyası və investisiya siyasətinə uyğunluğunu nəzərə alır.

-Fondun kapitalının artırılması investisiya layihələri üzrə fəaliyyətin həcminin genişlənməsini nəzərdə tutur. Bununla əlaqədar ştatın, institusional infrastrukturun və AQİF-in ekspert potensialının genişləndirilməsinə ehtiyac yaranacaqmı? Eyni zamanda, layihələrin birgə maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə təşkilatları, inkişaf bankları və özəl investorlar da daxil olmaqla yeni tərəfdaşların cəlb edilməsi imkanlarını nəzərdən keçirirsinizmi?

- Şübhəsiz ki, Fondun portfelində nə qədər çox investisiya layihəsi olarsa, layihə üzrə təcrübəli komandaya ehtiyac bir o qədər yüksək olar. Bu, təkcə layihələrin sayı ilə deyil, həm də investisiya dövrünün təhlil və qiymətləndirmədən başlayaraq həyata keçirilmə, monitorinq və nəhayət, Fondun investisiyadan çıxmasına qədər olan hər bir mərhələsində işin həcmi ilə bağlıdır.

İki ölkə arasında imzalanmış sazişə əsasən, Fondun baş ofisi Bişkekdə yerləşir. Hazırda AQİF-də 20-yə yaxın əməkdaş çalışır. Heyətin əsas hissəsi investisiya analitikləri və layihələrin qiymətləndirilməsi və dəstək göstərilməsi ilə məşğul olan mütəxəssislərdən ibarətdir.

Fondun layihə fəaliyyətini şərti olaraq iki əsas istiqamətə ayırmaq olar.

Birinci istiqamət investisiya layihələrinin təhlili və qiymətləndirilməsidir. Bu komanda daxil olan müraciətləri nəzərdən keçirir, maliyyə, iqtisadi və investisiya təhlili aparır, riskləri qiymətləndirir və potensial investisiya layihələrinin portfelini formalaşdırır.

İkinci istiqamət artıq maliyyələşdirilmiş investisiya layihələrinin idarə olunması ilə məşğul olan layihə ofisidir. Onun mütəxəssisləri bütün maliyyələşdirmə dövrü ərzində layihələrin dəstəklənməsini və monitorinqini həyata keçirir, müəyyən edilmiş göstəricilərə nail olunmasına, investisiyaların səmərəli istifadəsinə və gözlənilən iqtisadi nəticələrin əldə olunmasına, o cümlədən investisiyaların geri qaytarılmasına nəzarət edirlər.

Beləliklə, bir komanda Fondun investisiya portfelini formalaşdırır və inkişaf etdirir, digəri isə həyata keçirilmə mərhələsində olan layihələrin səmərəli şəkildə idarə olunmasını təmin edir.

Buna görə də heyətin genişləndirilməsinə ehtiyac təkcə baxılmaqda olan layihələrin sayından deyil, həm də idarə olunan investisiya portfelinin həcmindən, mürəkkəbliyindən və strukturundan asılıdır.

Hazırda 30-a yaxın layihə Fondda baxılma, daha 11 layihə isə həyata keçirilmə və idarəetmə mərhələsindədir. Bu 11 layihənin ümumi dəyəri təxminən 76,7 milyon ABŞ dolları təşkil edir ki, bunun da təqribən 24,9 milyon dolları və ya 32 %-ə qədəri Fondun iştirak payına düşür.

Bu gün komandamız cari iş həcminin öhdəsindən uğurla gəlir. Lakin investisiya portfeli böyüdükcə və həyata keçirilmə mərhələsində olan layihələrin sayı artdıqca, şübhəsiz ki, ştatın gələcəkdə genişləndirilməsi və ekspert bacarıqlarının inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəyik.

Eyni zamanda, bizim üçün sadəcə işçilərin sayını artırmaq deyil, komandanın tərkibinin və peşəkarlıq səviyyəsinin Fondun investisiya portfelinin həcminə, mürəkkəbliyinə və keyfiyyətinə uyğunluğunu təmin etmək vacibdir.

Yeni tərəfdaşların cəlb edilməsinə gəldikdə isə, biz bu imkanı maliyyələşdirmənin daha da genişləndirilməsi alətlərindən biri kimi nəzərdən keçiririk. Beynəlxalq maliyyə təşkilatları, inkişaf bankları və özəl investorlarla əməkdaşlıq daha iri layihələrin həyata keçirilməsi üçün əlavə resurslar cəlb etməyə və riskləri maliyyələşdirmənin iştirakçıları arasında bölüşdürməyə imkan verə bilər.

Fond üçün yalnız əlçatan maliyyələşdirməni artırmağa deyil, həm də keyfiyyətli investisiya layihələrinin həyata keçirilməsi üçün əlavə ekspertiza cəlb etməyə imkan verəcək dayanıqlı tərəfdaşlıq ekosistemi formalaşdırmaq vacibdir.

- İqbal müəllim, qeyd etdiniz ki, Fond 30-a yaxın yeni investisiya layihəsini nəzərdən keçirir. Onların ümumi dəyəri nə qədərdir və Fonddan nə qədər maliyyə tələb oluna bilər? Bu portfeldə hansı sahələr təmsil olunur və nəzərdən keçirilən təşəbbüslər arasında Qırğızıstan iqtisadiyyatı üçün əhəmiyyətli multiplikativ effekt yarada biləcək iri layihələr varmı?

- Daha dəqiq desək, hazırda Fondun portfelində müxtəlif baxılma mərhələlərində olan 29 layihə var. Onların ümumi dəyəri təxminən 200 milyon ABŞ dolları təşkil edir. Fondun kapitalda iştirakı formasında tələb olunan maliyyələşmə məbləği isə təqribən 60 milyon ABŞ dolları təşkil edir.

Bütün portfelin həyata keçiriləcəyi təqdirdə 650-yə yaxın yeni iş yerinin yaradılması gözlənilir ki, bu da Fondun əsas missiyasına - Qırğızıstanın dayanıqlı iqtisadi inkişafına dəstək vermək məqsədinə tam uyğundur.

Maliyyələşdirmək üçün layihələri seçərkən Fond bir sıra əsas meyarları rəhbər tutur. Bunların arasında yeni iş yerlərinin yaradılması, idxalın əvəzlənməsi, kiçik və orta biznesin inkişafı, "yaşıl maliyyələşdirmə", büdcəyə vergi daxilolmalarının artırılması, innovasiyaların və rəqəmsal texnologiyaların tətbiqi, Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı ticarət dövriyyəsinin genişləndirilməsi, habelə layihələrin ixracyönümlülüyü yer alır.

Fondun iştirakı ilə "Made in Kyrgyzstan" brendi altında ixracyönümlü məhsulların istehsal olunduğu iki layihə investisiyalarımızın ixrac potensialının bariz nümunəsidir.

Eyni zamanda, biz investisiya portfelinin şaxələndirilməsinə və Qırğızıstan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən layihələrin dəstəklənməsinə böyük diqqət yetiririk.

Nəzərdən keçirilən portfelin strukturunda 26 % emal sənayesinin, 23 % aqrar-sənaye kompleksinin, 16 % enerji sektorunun, qalan 35 % isə iqtisadiyyatın digər sahələrinin payına düşür.

Beləliklə, Fondun investisiya fəaliyyəti təkcə maliyyələşdirmə həcmlərinin artırılmasına deyil, həm də iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, istehsal imkanlarının genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və Qırğızıstanın ixrac potensialının yüksəldilməsinə kömək edən şaxələndirilmiş portfelin formalaşdırılmasına yönəlib.

Bununla yanaşı, nəzərdən keçirilən layihələr arasında istehsal zəncirlərinin inkişafı, ixracın artırılması, yeni iş yerlərinin yaradılması və əlavə investisiyaların cəlb edilməsi hesabına daha geniş iqtisadi səmərə verə biləcək təşəbbüslər var. Layihənin iqtisadiyyata potensial töhfəsini qiymətləndirərkən məhz belə amillər bizim üçün vacibdir.

- Azərbaycan və Qırğızıstan arasında investisiya marağı necə dəyişir? Qırğızıstan bazarına çıxmaqda maraqlı olan Azərbaycan şirkətlərinin, eləcə də Azərbaycanda əməkdaşlıq və investisiya imkanlarını nəzərdən keçirən Qırğızıstan iş adamlarının sayında artım müşahidə edirsinizmi? Bu maraq hansı sahələrdə daha çox nəzərə çarpır?

- Fondun missiyası təkcə investisiya layihələrinə maliyyə dəstəyi verməkdən ibarət deyil. İki ölkənin biznes icmaları arasında işgüzar əməkdaşlığın inkişafı və əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılması da eyni dərəcədə vacib vəzifədir.

Bu gün Fond investisiya layihələrinə dəstək göstərən maliyyə institutu olmaqla yanaşı, həm də Azərbaycan və Qırğızıstan iş adamları arasında özünəməxsus körpü rolunu oynayır.

Biz mütəmadi olaraq Bakı və Bişkekdə biznes nümayəndələri ilə görüşlər keçirir, işgüzar əlaqələrin qurulmasına və birgə layihələrin həyata keçirilməsi üçün potensial tərəfdaşların axtarılmasına kömək edirik. Bundan başqa, Fond Qırğızıstan iş adamlarının Azərbaycana səfərlərini təşkil edir. Bu səfərlər çərçivəsində onlar həyata keçirilmiş və davam edən investisiya layihələri ilə tanış olur, Azərbaycan şirkətlərinin təcrübəsini öyrənir və Qırğızıstanda analoji istehsalatların yaradılması imkanlarını nəzərdən keçirirlər.

Dağ-mədən sənayesində partlayış işləri aparılarkən istifadəsi nəzərdə tutulan sənaye tipli elektriksiz kapsullar istehsal edən zavodun Çuy vilayətində Azərbaycandan olan investorun iştirakı ilə inşası layihəsi belə əməkdaşlığın bariz nümunələrindən biridir.

Bütövlükdə, hər iki ölkənin biznes dairələrinin əməkdaşlığı genişləndirməyə davamlı surətdə maraq göstərdiyini müşahidə edirik. Birgə müəssisələrin yaradılması, istehsalın lokallaşdırılması və yeni bazarlara çıxış üçün imkanların olduğu sənaye istehsalı, aqrar-sənaye kompleksi, energetika, logistika və digər sahələr ən perspektivli istiqamətlərdir.

Xüsusilə Bakı-Bişkek marşrutu üzrə birbaşa hava əlaqəsinin açılmasını qeyd etmək istərdim. Bu, iki ölkənin özəl şirkətləri arasında işgüzar və iqtisadi əlaqələrin inkişafına əlavə təkan verən mühüm amilə çevrildi.

Birbaşa hava əlaqəsi işgüzar səfərləri əhəmiyyətli dərəcədə asanlaşdırır, iş adamları arasında təmasların daha da intensivləşməsinə kömək edir, tərəfdaş axtarışı, həmçinin birgə investisiya layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.

- Fondun vəzifələrindən biri Azərbaycanla Qırğızıstan arasında ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi və birgə biznesin inkişaf etdirilməsidir. AQİF ixrac potensialı olan birgə müəssisələrin yaradılmasında nə dərəcədə fəal iştirak edir? Belə şirkətlər üçün hansı istiqamətləri və satış bazarlarını daha perspektivli hesab edirsiniz – MDB ölkələrini, Aİİ dövlətlərini, Mərkəzi Asiya bazarlarını yoxsa uzaq xarici ölkələri?

- Hesab edirəm ki, Qırğızıstanda yeni istehsal sahələrinin inkişafı və birgə müəssisələrin yaradılması azərbaycanlı iş adamları üçün geniş imkanlar açır.

İlk növbədə, Qırğızıstan əlverişli coğrafi mövqeyə malikdir və Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun cənub istiqaməti ilə bağlıdır. Ölkə Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa bazarları arasında nəqliyyat-logistika əlaqələrinin formalaşmasında mühüm rol oynayır.

Bu kontekstdə inşa ediləcək təxminən 532 km uzunluğunda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xüsusi əhəmiyyət kəsb edir. Layihənin dəyəri təxminən 5 milyard ABŞ dolları təşkil edir. Onun həyata keçirilməsi Çin və Mərkəzi Asiya arasında yeni nəqliyyat marşrutunun yaradılmasını və sonradan beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Orta Dəhlizlə birləşməni təmin edəcək.

Bu, Qırğızıstana Asiya və Avropa bazarları arasında mühüm nəqliyyat-logistika qovşağı kimi mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirməyə imkan verəcək və eyni zamanda ixraca yönəlmiş investorlar üçün ölkənin cəlbediciliyini artıracaq.

Qırğızıstanın tərkibinə Rusiya, Qazaxıstan, Belarus və Ermənistanın da daxil olduğu Aİİ-yə üzvlüyü daha bir mühüm amildir. Aİİ-nin vahid iqtisadi məkanına çıxış investorlar üçün əlavə imkanlar yaradır və Qırğızıstanı həm daxili bazar, həm də daha geniş regional bazara çıxmaq üçün istehsal meydançası kimi nəzərdən keçirməyə imkan verir.

Bundan başqa, yüksək iqtisadi artım fonunda Qırğızıstanın cəlbediciliyi artır. 2025-ci ildə ölkənin ÜDM-i 11,7 % artıb. Bununla yanaşı, sənaye istehsalı 9,8 %, xidmət sahəsi 10 %, kənd təsərrüfatı sektoru 3,8 %, tikinti sektoru isə 42,5 % böyüyüb.

Bu göstəricilər yüksək iqtisadi aktivlikdən və sənaye, infrastruktur, kənd təsərrüfatı və xidmət sahəsinin gələcək inkişafı üçün potensialın mövcudluğundan xəbər verir. Eyni zamanda bu, uzunmüddətli investisiyalara, müasir texnologiyalara və yeni istehsal güclərinə əlavə tələbat yaradır.

Belə şəraitdə Azərbaycan və Qırğızıstan biznesinin iştirakı ilə birgə müəssisələrin yaradılması ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsinin mühüm alətlərindən birinə çevrilə bilər. Azərbaycan üçün bu, Qırğızıstanda istehsalın inkişafına investisiya yatırmaq ilə yanaşı, həm də Aİİ və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün ölkənin üstünlüklərindən faydalanmaq imkanıdır.

Eyni zamanda, yalnız daxili tələbata deyil, həm də ixraca yönəlmiş layihələri ən perspektivli layihələr hesab edirəm. Yüksək əlavə dəyərə malik istehsal, sənaye və aqrar-sənaye kompleksi, energetika, logistika layihələri, eləcə də yerli xammalın emalı və idxalın əvəzlənməsi ilə bağlı istiqamətlər xüsusi maraq kəsb edir.

Beləliklə, Qırğızıstan Azərbaycan biznesi üçün həm satış bazarı, həm də yeni istehsal zəncirlərinin yaradılması, əlverişli coğrafi mövqeyindən, nəqliyyat və logistika potensialından istifadə etmək və regional və beynəlxalq bazarlara çıxış imkanı yaradan platforma ola bilər.

Əminəm ki, bu cür birgə təşəbbüslərin həyata keçirilməsi qarşılıqlı investisiyaların və ticarətin həcmini artırmağa, yeni iş yerləri yaratmağa, yeni dəyər zəncirləri formalaşdırmağa və ən əsası, Azərbaycanla Qırğızıstan arasında uzunmüddətli iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaratmağa imkan verəcək.