Erik Morales: "Azərbaycanın reytinqinin yüksəldilməsi üçün suveren balansın gücləndirilməsi kifayət deyil" - müsahibə

Müsahibə
  • 06 oktyabr, 2026
  • 16:47
Erik Morales: Azərbaycanın reytinqinin yüksəldilməsi üçün suveren balansın gücləndirilməsi kifayət deyil - müsahibə

Bu gün Bakıda "Fitch on Azerbaijan 2026" tədbiri çərçivəsində Azərbaycanın iqtisadi perspektivləri, maliyyə sisteminin dayanıqlığı və iqtisadiyyatın gələcək inkişafını müəyyən edən amillər ətrafında müzakirələr aparılıb.

Ekspertlərin diqqət mərkəzində neft hasilatının tədricən azalması şəraitində iqtisadiyyatın şaxələndirilməsi, pul-kredit və büdcə siyasətinin səmərəliliyi, bank sektorunun dayanıqlığı, bərpa olunan enerjinin və nəqliyyat əlaqəliliyinin inkişafı, eləcə də ölkənin suveren kredit reytinqinin perspektivləri məsələləri yer alıb.

"Fitch Ratings"in baş direktoru, Şərqi Avropa üzrə suveren reytinqlər qrupunun rəhbəri Erik Arispe Morales (Erich Arispe Morales) "Report"a müsahibəsində bu məsələlərlə bağlı "Fitch Ratings"in qiymətləndirmələrini, eləcə də agentliyin Azərbaycan iqtisadiyyatındakı əsas dəyişikliklərlə bağlı gözləntilərini bölüşüb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- "Fitch" daim Azərbaycanın güclü xarici balansını və suveren aktivlərinin, xüsusən də Dövlət Neft Fondunun (ARDNF) əhəmiyyətli həcmdə olduğunu qeyd edir. Bu fiskal bufer ölkənin xarici şoklara müqavimət göstərmək qabiliyyətində hansı rolu oynayır?

- Neft ixrac edən ölkələri qiymətləndirərkən yalnız balans yox, müxtəlif iqtisadi siyasət alətlərinin birgə tətbiqi də vacibdir. Buna görə də, Azərbaycanın reytinqinin daha da yüksəldilməsinə təkan verə biləcək amilləri nəzərdən keçirərkən, söhbət təkcə suveren balansın [dövlət aktivləri ilə öhdəlikləri arasındakı nisbət] daha da möhkəmləndirilməsindən deyil, həm də xarici şokların yumşaldılmasına yönəlmiş tədbirlər kompleksinin gücləndirilməsindən gedir.

Bu kontekstdə pul-kredit siyasətinin inkişafı həlledici əhəmiyyət kəsb edir. İcmal büdcənin qeyri-neft baza kəsirinin azaldılması strategiyasını - ötən il ÜDM-in 18,6 %-dən 2029-cu ilədək ÜDM-in 13 %-nə qədər - nə dərəcədə ardıcıl və proqnozlaşdırıla bilən şəkildə həyata keçirəcəyi də vacibdir.

Buna görə də, iqtisadiyyatın neft qiymətlərinin volatilliyinə tab gətirmək qabiliyyətini qiymətləndirərkən biz təkcə aktivlərin həcminə deyil, həm də iqtisadi siyasətin çevikliyinə, proqnozlaşdırıla bilməsinə və ona olan etimada baxırıq. Məhz bu amillər xarici şokları daha səmərəli şəkildə udmağa imkan verir.

- "Fitch" neft hasilatının uzunmüddətli azalması və dünya enerji resursları qiymətlərinin yüksək volatilliyi fonunda Azərbaycanın fiskal dayanıqlığını necə qiymətləndirir?

- Son bir neçə ildə biz hökumətin büdcənin karbohidrogen gəlirlərindən asılılığını azaltmaq səyini aydın şəkildə görürük. Bu, həm də 2027-2030-cu illər üçün strategiyanın bir hissəsidir.

Bu yanaşma karbohidrogen, xüsusən də neft hasilatının azalması tendensiyasına uyğundur. Lakin, dəfələrlə vurğuladığımız kimi, bu strategiyanın uğuru əsasən qeyri-neft sektorunun inkişafından asılı olacaq. Qeyri-neft iqtisadiyyatında nələrin baş verdiyini və baş verəcəyini nəzərə almadan neft hasilatının azalmasının nəticələrini qiymətləndirmək olmaz.

Əsas çağırış məhz buradadır. Özəl sektorun iqtisadiyyatda nə dərəcədə fəal iştirak etdiyini, onun gələcək inkişafı üçün hansı maneələrin qaldığını və ortamüddətli perspektivdə onların nə dərəcədə səmərəli şəkildə aradan qaldırıla biləcəyini anlamaq vacibdir.

Qeyri-neft ilkin kəsirinin ötənilki ÜDM-in 18,6 %-dən 2029-cu ilədək 13 %-ə endirilməsi, ehtimal ki, qeyri-neft gəlirlərinin artırılması da daxil olmaqla bir sıra tədbirlərin həyata keçirilməsini tələb edəcək. Onların artımı isə öz növbəsində qeyri-neft iqtisadiyyatının genişlənməsi ilə birbaşa bağlıdır.

Buna görə də neft gəlirlərindən asılılığın davamlı şəkildə azalması eyni zamanda qeyri-neft sektorunun inkişafı və həyata keçirilən iqtisadi siyasətin səmərəliliyi ilə müəyyən ediləcək.

- "Fitch"in qiymətləndirməsinə görə, Azərbaycanın qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi və vergi-büdcə bazasının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nə dərəcədə uğurludur?

- Panel müzakirələr və təqdimat zamanı qeyd etdiyimiz kimi, müəyyən irəliləyiş var. Biz ümumi əlavə dəyərdə nəqliyyat və emal sənayesinin payının artdığını görürük. Xidmətlər sahəsində də əhəmiyyətli potensial qalmaqdadır: məsələn, 2019-2025-ci illərdə onların artımı qeyri-neft ixracının dinamikasını qabaqlayıb.

Bununla belə, hələ görüləcək çox iş var. Biz turizm, İKT və nəqliyyat xidmətlərində qeyri-neft iqtisadiyyatının böyüməsi üçün mühüm imkanlar görürük.

Vacib amillərdən biri də odur ki, söhbət yalnız gələcək planlardan getmir. Hökumət artıq büdcə daxilolmalarında neft gəlirlərinin payını azaldıb. Bu irəliləyişi inkar etmək olmaz. Lakin bunun dayanıqlı olması və büdcənin neft gəlirlərindən asılılığının azalmaqda davam etməsi üçün qeyri-neft iqtisadiyyatının gələcək inkişafı həlledici əhəmiyyət daşıyacaq.

- "Fitch" Azərbaycan Mərkəzi Bankının pul-kredit siyasətini, o cümlədən onun inflyasiyanı hədəf diapazonunda saxlamaq və tədricən daha çevik siyasətə keçmək qabiliyyətini necə qiymətləndirir?

- Biz Mərkəzi Bankın likvidliyin idarə edilməsi, qısamüddətli faiz dərəcələrinə təsir etmək və müvafiq alətlərin işlənib hazırlanması sahəsində imkanlarının yaxşılaşdığını qeyd edirik. Lakin, bank sektorunun xüsusiyyətləri və likvidliyin hələ də əhəmiyyətli dərəcədə artıq olması səbəbindən pul-kredit siyasətinin əsas faiz dərəcələrinin kredit və depozit şərtlərinə tam təsir göstərməsi üçün hələ görüləsi işlər var.

Digər mühüm amil dollarlaşmanın azaldılmasıdır. Dollarlaşma səviyyəsində əhəmiyyətli azalma müşahidə etsək də, bu göstərici oxşar reytinqə malik ölkələrlə müqayisədə hələ də yüksək olaraq qalır.

Daxili maliyyə bazarının inkişafında da müəyyən çətinliklər mövcuddur. Neftin yüksək qiymətləri şəraitində hökumətin daxili bazarda aktiv şəkildə borclanmasına, ehtimal ki, ehtiyac yoxdur. Bununla belə, adətən, yerli kapital bazarının inkişafında və gəlirlilik əyrisinin formalaşmasında məhz dövlət əsas rol oynayır. Buna görə də burada müəyyən bir kompromis mövcuddur.

Buna baxmayaraq, irəliləyiş var. Gözləyirik ki, Mərkəzi Bank gələn il inflyasiyanı hədəf diapazonuna qaytara biləcək. Lakin Azərbaycanda orta illik inflyasiya səviyyəsini təqribən 5-6 % olmaqla, bu göstəricinin 3 %-ə daha yaxın olduğu oxşar reytinqli ölkələrlə müqayisədə hələ də nəzərəçarpacaq dərəcədə yüksəkdir.

Buna görə də, pul-kredit siyasəti və daha aşağı və dayanıqlı inflyasiya üçün şəraitin formalaşdırılması sahəsində gələcək təkmilləşdirmə üçün hələ də imkanlar mövcuddur.

- "Fitch" suveren risklər baxımından Azərbaycanın bank sektorunun dayanıqlılığını və kapitallaşma səviyyəsini necə qiymətləndirir?

- Suveren riskləri qiymətləndirərkən biz ilk növbədə iki amilə baxırıq. Birincisi - dövlətin şərti öhdəliklərinin reallaşması ehtimalıdır. Bizim qiymətləndirməmizə görə, Azərbaycan üçün bu risk aşağı olaraq qalır. Bank sektoru kifayət qədər kapital buferlərinə malikdir və biz aktivlərin keyfiyyəti və ya bankların xarici həssaslığı ilə bağlı riskləri yüksək səviyyədə olduğunu hesab etmirik.

İkinci amil - bank sektorunun, məsələn, ayrı-ayrı sahələrin kreditləşdirilməsinin həddindən artıq sürətli artımı nəticəsində makroiqtisadi disbalanslar yaratmaq qabiliyyətidir. Hazırda Azərbaycanda belə bir vəziyyətin olduğunu düşünmürük.

Beləliklə, suveren həssaslıqlar baxımından biz narahatlıq üçün əsaslı səbəblər görmürük.

Bununla yanaşı, panel müzakirələrdə qeyd etdiyimiz kimi, gələcək üçün vacib məsələ bank sektorunun özəl investisiyaların və qeyri-neft iqtisadiyyatının inkişafına nə dərəcədə təkan verə biləcəyindən ibarətdir. Bu, iqtisadi artımın gələcəkdə daha da şaxələndirilməsi baxımından əhəmiyyətli olacaq.

- Azərbaycan bərpa olunan enerjiyə və "yaşıl enerji" ixracının inkişafına fəal şəkildə investisiya yatırır. "Fitch" ölkənin uzunmüddətli artım potensialını qiymətləndirərkən bu layihələri, eləcə də Orta Dəhlizin inkişafını nəzərə alırmı?

- Biz bərpa olunan energetikanın inkişaf etdirilməsinin, investisiya layihələrinin həyata keçirilməsinin və hökumətin bu sahədəki iddialı hədəflərinin əhəmiyyətini qeyd edirik. Bütün bunlar iqtisadi şaxələndirmə prosesinin bir hissəsidir.

Bundan əlavə, neft hasilatının azalması və yeni iri qaz layihələrinin olmaması şəraitində bərpa olunan energetikanın inkişafı, əks halda ölkə daxilində istifadə olunacaq əlavə karbohidrogen həcmlərini sərbəst buraxa bilər, bu da ixrac potensialını qoruyub saxlamağa imkan verəcək.

Orta Dəhlizə və onun iqtisadi artıma mümkün təsirinə gəldikdə isə, burada da əhəmiyyətli potensial mövcuddur. Bu, xüsusilə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi kimi layihələr də daxil olmaqla, Avropa ilə nəqliyyat və enerji bağlantısının yaxşılaşdırılması kontekstində aktualdır.

Bununla belə, biz hələlik bu layihələrin bütün potensial təsirini baza ssenarisinə daxil etmirik. Buna görə də onların həyata keçirilməsi iqtisadi artımın sürətləndirilməsi üçün əlavə imkanlar yarada bilər.

- "Fitch"in qiymətləndirməsinə görə, hansı amillər Azərbaycanın suveren reytinqinin artmasına kömək edə bilər?

- Biz tövsiyələr vermirik - bu, reytinq agentliyinin funksiyası deyil. Lakin müsbət reytinq hərəkəti imkanını nəzərdən keçirərkən nəzərə aldığımız amilləri göstərə bilərik.

İlk növbədə bu, iqtisadi və normativ-hüquqi bazanın daha da möhkəmləndirilməsi, habelə onun ardıcıl tətbiqinə dair təsdiqlənmiş təcrübənin formalaşdırılmasıdır, bu da iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlığını artıra bilər.

Struktur zəifliklərinin, o cümlədən institutlar, iqtisadi artım templəri və investisiyaların səviyyəsi ilə bağlı olanların aradan qaldırılmasına yönəlmiş islahatlar da mühüm rol oynayacaq.

Bundan əlavə, qeyri-neft iqtisadiyyatının inkişafına və özəl investisiyaların cəlb edilməsinə təkan verən islahatlar suveren reytinqi qiymətləndirərkən nəzərə aldığımız bir sıra amillərə birbaşa təsir göstərə bilər.