Tibb mütəxəssislərinin hansı halda sertifikasiya imtahanından azad olunacağı açıqlanıb

Milli Məclis
  • 25 aprel, 2025
  • 12:40
Tibb mütəxəssislərinin hansı halda sertifikasiya imtahanından azad olunacağı açıqlanıb

Azərbaycanda tibb mütəxəssisləri sertifikat şəhadətnəməsini beş il ərzində 250 kredit balı yığmaqla da əldə edə biləcəklər.

“Report” xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Əmək Məcəlləsinə təklif edilən dəyişiklik barədə danışarkən deyib.

Şöbə müdiri xatırladıb ki, ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə onların imtahana cəlb olunması ilə sertifikasiyası həyata keçirilir:

“Səhiyyə Nazirliyi tərəfindən hazırlanan lahiyədə təklif olunan yeni dəyişikliklərə əsasən tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya beş ildən bir imtahan yolu, ya da beş il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunacaqlar. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir. Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ dayanıqlı inkişaf proqramı mexanizmi tətbiq olunacaq”.

A.Vəliyev həmçinin bildirib ki, kreditləri toplayan şəxslər qüvvəsi beş il olan sertifikasiya şəhadətnaməsi əldə edəcəklər:

“Elmi və tədris tədbirlərinin akkreditasiyası qaydası və DPİ-nin kredit ekvivalenti, bunun üçün lazım olan sənədlər və tələblər müəyyən olunaraq təsdiq ediləcək. Könüllü sınaq imtahanı istisna olmaqla sertifikasiya imtahanı ödənişsiz olacaq”.