Bakıda Azərbaycan və Türkiyə jurnalistlərinin görüşü keçirilir
- 29 may, 2025
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə xarici, eləcə də Azərbaycan və Türkiyə jurnalistlərinin görüşü keçirilir.
“Report” xəbər verir ki, tədbir Azərbaycan Mətbuat Şurası və Türkiyənin Beynəlxalq Jurnalistlər Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Dəyirmi masa ətrafında toplaşan jurnalistlər ilk olaraq özlərini təqdim edərək tanış olublar. Daha sonra xarici media nümayəndələri Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik ediblər.
Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid iyulun 22-də Azərbaycan milli mətbuatının 150 illiyinin qeyd olunacağını söyləyib:
“Əkinçi” qəzetindən sonra müxtəlif mətbu orqanlarımız fəaliyyətə başladı. “Həyat”, “İrşad”, “Füyuzat” milli məfkurəmizin oyanmasında mühüm rol oynadılar. Müstəqillik əldə etdikdən sonra 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə senzura ləğv olundu. 2021-ci il yanvarın 12-də isə Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradıldı”.
R.Məcid həmçinin bildirib ki, Şuşada Media Muzeyinin yaradılmasının tərəfdarıdırlar:
“2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdı. Bundan sonra Azərbaycan və Türkiyə arasında media sahəsində strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu sənəd iki ölkə mediası arasında əlaqələrin daha da sıxlaşmasına böyük töhfə verib. Ancaq ondan əvvəl, yəni 44 günlük Vətən müharibəsi dövründə də prosesin işıqlandırılmasında Türkiyə mediasının əvəzsiz rolu oldu”.
Foto: Mircavid Eminoğlu