Şerzod Asadov: İslam sivilizasiyası haqqında mediaforum uzunmüddətli dialoqun başlanğıcı olacaq

Media
  • 25 avqust, 2026
  • 12:40
Şerzod Asadov: İslam sivilizasiyası haqqında mediaforum uzunmüddətli dialoqun başlanğıcı olacaq

"İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" beynəlxalq media forumu bir dəfə keçirilən tədbir kimi deyil, uzunmüddətli peşəkar dialoq və əməkdaşlığın başlanğıcı kimi nəzərdən keçirilir.

"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov mediaforumda bəyan edib.

"Biz bu forumu birdəfəlik tədbir kimi deyil, uzunmüddətli peşəkar dialoq və əməkdaşlığın başlanğıcı kimi nəzərdən keçiririk. Əminəm ki, onun çərçivəsində aparılan müzakirələr və yeni təşəbbüslər Özbəkistanın böyük sivilizasiya irsinin dünya informasiya məkanında layiqincə təqdim olunmasına xidmət edəcək", - o bildirib.

Onun sözlərinə görə, Daşkənd və Səmərqənddə keçirilən forum təxminən 50 ölkədən 300-ə yaxın media nümayəndəsini, alimləri, mədəniyyət xadimlərini və rəqəmsal sahə mütəxəssislərini bir araya gətirib. Tədbirin əsas informasiya tərəfdaşları arasında "Euronews", CNN, BBC və "Al Jazeera" yer alır.

Ş.Asadov qeyd edib ki, forum Özbəkistanın müstəqilliyinin 35-ci ildönümü ərəfəsində keçirilir və ölkənin zəngin sivilizasiya irsini yeni məzmunda beynəlxalq ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.

O, tədbirin Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılmış İslam Sivilizasiyası Mərkəzində keçirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, İslam sivilizasiyası hər şeydən əvvəl elm, maarifçilik, düşüncə və tolerantlıq sivilizasiyasıdır, Özbəkistanın böyük alim və mütəfəkkirlərinin irsi isə əsl intellektual sərvətdir.

Ş.Asadov bu irsin müasir rəqəmsal formatlar və gənc nəslə aydın olan media həlləri vasitəsilə dünyaya təqdim edilməsinin vacibliyini vurğulayıb.

44 - Tezliklə