Səfir: Müasir KİV xalqlar arasında etimad formalaşdırır

Media
  • 30 sentyabr, 2025
  • 11:22
Səfir: Müasir KİV xalqlar arasında etimad formalaşdırır

II Azərbaycan-Özbəkistan Media Forumu Özbəkistan-Azərbaycan dostluğunun, strateji tərəfdaşlığın və hər iki ölkədə media sahəsinin inkişafının möhkəmləndirilməsinə töhfə verəcək.

"Report" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Bakıda keçirilən media forumunda çıxışı zamanı bildirib.

Diplomat qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında münasibətlər qardaşlıq, etimad və əməkdaşlığın parlaq nümunəsidir. Onun sözlərinə görə, qarşılıqlı fəaliyyətin yeni dinamikası iki dövlətin liderləri - Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Onlar siyasət, mədəniyyət, təhsil və media sahəsində birgə təşəbbüslər üçün geniş imkanlar yaradıblar.

"Media bu prosesdə mühüm rol oynayır. Müasir KİV-lər təkcə cəmiyyəti məlumatlandırmır, həm də xalqlar arasında etimad formalaşdırır, qarşılıqlı anlaşmanı və mədəni əlaqələri möhkəmləndirir", - B.Aşrafxanov vurğulayıb.

O xatırladıb ki, I Özbəkistan-Azərbaycan Media Forumu bir il əvvəl Daşkənddə keçirilib və təhsil proqramlarının, media təlimlərinin və jurnalistlər arasında təcrübə mübadiləsinin başlanması üçün platforma rolunu oynayıb.

Səfirin sözlərinə görə, hazırkı forumda media sahəsinin rəqəmsal transformasiyasına, müasir texnologiyaların tətbiqinə, jurnalistlərin peşəkar hazırlığının artırılmasına və ən yaxşı təcrübələrin mübadiləsinə xüsusi diqqət yetirilir. Dezinformasiyaya qarşı mübarizə və KİV-ə ictimai etimadın gücləndirilməsi də diqqət mərkəzindədir.

"Forumun bütün iştirakçılarına məhsuldar iş, məzmunlu müzakirələr və birgə layihələrin uğurla həyata keçirilməsini arzulayıram", - B.Aşrafxanov qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti