Nozima Muratova: Rəqəmsal transformasiya həm çağırışlar, həm də imkanlar gətirir
- 30 sentyabr, 2025
- 11:42

Özbəkistan və Azərbaycanın birgə layihələri, o cümlədən media laboratoriyaları, akademik mübadilə və tələbələr və gənc tədqiqatçılar üçün proqramlar qlobal əhəmiyyətə malik regional əməkdaşlıq nümunəsi ola bilər.
"Report" xəbər verir ki, bunu Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru Nozima Muratova II Azərbaycan-Özbəkistan Media Forumunda bildirib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyalar xəbərlərdən istifadə və cəmiyyətdə ünsiyyət tərzini dəyişib. Bu gün jurnalistika təkcə məlumatlandırmır, həm də inam formalaşdırır, sosial inkişafa və cəmiyyətin dayanıqlılığına töhfə verir.
"Akademik tədqiqatlar bu prosesləri anlamağa və redaksiyalar, tənzimləyicilər və cəmiyyət üçün praktik tövsiyələr verməyə kömək edir. Belə tədqiqatlar yalnız əməkdaşlıq vasitəsilə səmərəli olur", - prorektor bildirib.
N.Muratova vurğulayıb ki, rəqəmsal transformasiya həm çağırışlar, həm də imkanlar gətirir. Əsas vəzifə universitetlərin, tədqiqat mərkəzlərinin, media təşkilatlarının və beynəlxalq tərəfdaşların səylərini birləşdirərək, rəqəmsal cəmiyyətin səriştəli jurnalistləri və məsuliyyətli vətəndaşları olacaq yeni nəsil peşəkarların yetişdirilməsidir.
"Bu forum ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcək və qlobal media sahəsinin inkişafına töhfə verəcək yeni ideyalar və təşəbbüslər üçün platformaya çevriləcək", - o əlavə edib.