Uzun illər blokadada qalmış Naxçıvan indi ən böyük geosiyasi imkanların astanasındadır - RƏY

Daxili siyasət
  • 12 avqust, 2026
  • 10:10
Uzun illər blokadada qalmış Naxçıvan indi ən böyük geosiyasi imkanların astanasındadır - RƏY

Uzun illər blokada şəraitində yaşamış Naxçıvan indi özünün ən böyük geosiyasi və iqtisadi imkanlarının astanasındadır.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin üzvü Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri Azərbaycanın regional mövqeyinin möhkəmlənməsi, Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması və Şərqlə Qərb arasında əlaqələrin yeni mərhələyə qədəm qoyması baxımından geniş geosiyasi məna daşıyır:

"Əslində, söhbət uzun illər süni blokada şəraitində yaşamış Naxçıvanın tamamilə yeni status qazanmasından gedir. Naxçıvan artıq yalnız Azərbaycanın əsas hissəsindən ayrı düşmüş muxtar ərazi kimi deyil, gələcəkdə regionun ən mühüm nəqliyyat, logistika və enerji qovşaqlarından birinə çevrilə biləcək strateji məkan kimi nəzərdən keçirilir. Sovet İttifaqının dağılmasından sonra Naxçıvan faktiki olaraq üç onillikdən artıq müddətdə nəqliyyat blokadası şəraitində yaşayıb. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin olmaması muxtar respublikanın inkişafı qarşısında ciddi məhdudiyyətlər yaradıb".

Deputat bildirib ki, məhz bu müddət ərzində Naxçıvan dövlət siyasətinin diqqət mərkəzində olub:

"İnfrastrukturun yenilənməsi, enerji təminatının yaxşılaşdırılması, sosial obyektlərin yaradılması, kənd təsərrüfatının və digər sahələrin inkişafı istiqamətində ardıcıl layihələr həyata keçirilib. Bu baxımdan, Prezident İlham Əliyevin Naxçıvana səfərləri də xüsusi əhəmiyyət daşıyır. Bu səfərlər yalnız yeni obyektlərin açılışı və sosial-iqtisadi məsələlərin müzakirəsi ilə məhdudlaşmayıb. Onlar Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasına inteqrasiyasının davamlı şəkildə diqqətdə saxlanıldığını göstərib.

İndi isə vəziyyət fundamental şəkildə dəyişir. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsindəki Zəfər Cənubi Qafqazda tamamilə yeni reallıqlar formalaşdırıb. Bu reallıqların mühüm nəticələrindən biri də regionda kommunikasiyaların açılması məsələsinin yeni siyasi və geoiqtisadi məzmun qazanmasıdır. Bu baxımdan TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır".

Elçin Mirzəbəyli
E.Mirzəbəyli Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat bağlantısının yaradılmasının təkcə dəmir yolu və ya avtomobil yolunun inşası olmadığını ifadə edib.

"Bu layihə reallaşarsa, Naxçıvanın onilliklər boyu davam edən nəqliyyat təcridinə son qoyulması ilə yanaşı, Azərbaycanın regional nəqliyyat sistemində də yeni imkanlar yaranacaq. Burada mühüm məqam ondan ibarətdir ki, Naxçıvanın coğrafi mövqeyi layihəyə sırf lokal xarakter vermir. Naxçıvan İran, Türkiyə və Ermənistanla həmsərhəd olmaqla, tarixən Yaxın Şərqlə Cənubi Qafqazı birləşdirən mühüm coğrafi məkanlardan biri olub. İndi həmin tarixi üstünlüyün müasir nəqliyyat infrastrukturu vasitəsilə yenidən reallaşdırılması perspektivi yaranır. Bu, eyni zamanda, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə əlaqələrinin genişlənməsi deməkdir. İndiyədək Azərbaycan ərazisindən Qərbə istiqamətlənən əsas yük axınlarının mühüm hissəsi Gürcüstan üzərindən keçirdi. Yeni reallıq isə bu yük axınlarının bir hissəsinin Naxçıvan istiqamətinə yönəlməsinə imkan yarada bilər", - o qeyd edib.

Milli Məclisin üzvü Azərbaycanın hərbi qələbəsinin regionda yeni siyasi reallıq yaratdığını da vurğulayıb:

"Sonrakı mərhələdə isə əsas məsələ həmin reallığın davamlı sülh, iqtisadi əməkdaşlıq və regional kommunikasiyaların bərpası ilə möhkəmləndirilməsidir. Bu mənada nəqliyyat layihələri yalnız iqtisadi layihələr deyil. Onlar siyasi nəticələrin institusional və iqtisadi müstəvidə möhkəmləndirilməsi vasitəsidir. Dəmir yolları, avtomobil yolları, logistika mərkəzləri, sərhəd-keçid məntəqələri və enerji xətləri bir tərəfdən iqtisadi əlaqələri genişləndirir, digər tərəfdən isə regionda yeni qarşılıqlı asılılıq və əməkdaşlıq mühiti yaradır. Bu baxımdan, "Prezident İlham Əliyev həm müharibəni, həm də sülhü qazandı" tezisi xüsusi məna kəsb edir. Çünki söhbət yalnız hərbi qələbədən getmir. Əsas məsələ həmin qələbənin yaratdığı siyasi reallıqların sülh və iqtisadi əməkdaşlıq müstəvisində davamlı nəticələrə çevrilməsidir".

Deputat Prezident İlham Əliyevin Naxçıvana səfərinin də məhz belə bir tarixi mərhələyə təsadüf etməsinə diqqət çəkib:

"Bir vaxtlar təcrid olunmuş ərazi kimi təqdim edilən Naxçıvan gələcəkdə regionun əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilə bilər. Bu, təkcə Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın regional rolunun dəyişməsi deməkdir. Naxçıvanın qarşısında yeni inkişaf modeli formalaşır. Ona görə də Naxçıvanın yeni dövrünü sadəcə "blokadadan çıxış" kimi qiymətləndirmək kifayət deyil. Qarşıda Naxçıvanın izolyasiya olunmuş ərazidən regional qovşağa çevrilməsi kimi önəmli bir perspektiv var. Bu, əslində, Azərbaycanın son illərdə həyata keçirdiyi regional siyasətin məntiqi nəticələrindən biridir. Vətən müharibəsində əldə olunan Zəfər yeni siyasi reallıq yaradıb. İndi həmin reallıq yollar, dəmir yolları, logistika mərkəzləri, enerji xətləri və iqtisadi layihələr vasitəsilə davamlı və uzunmüddətli regional arxitekturaya çevrilir".

E.Mirzəbəyli Naxçıvanın qarşısında açılan yeni eranın bu prosesin ən mühüm göstəricilərindən biri olduğunu vurğulayıb:

"Başqa sözlə, dünən blokadanın simvolu olan Naxçıvan sabah regionu birləşdirən yolların, ticarət marşrutlarının və enerji arteriyalarının kəsişdiyi məkana çevrilə bilər. Və bu baxımdan, Prezident İlham Əliyevin Naxçıvana səfəri təkcə növbəti işgüzar səfər deyil, Naxçıvanın tarixində yeni mərhələnin başlandığının siyasi ifadəsi kimi qiymətləndirilə bilər".

44 filmi