II Azərbaycan-Özbəkistan Media Forumunda rəqəmsal texnologiyalar dövründə tərəfdaşlıq müzakirə edilib

Media
  • 30 sentyabr, 2025
  • 13:11
II Azərbaycan-Özbəkistan Media Forumunda rəqəmsal texnologiyalar dövründə tərəfdaşlıq müzakirə edilib

II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində "Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər" mövzusunda panel müzakirəsi keçirilib.

"Report"un məlumatına görə, iştirakçılar Azərbaycan və Özbəkistan arasında media və rəqəmsal təhlükəsizlik sahəsində əməkdaşlığın əsas aspektlərini müzakirə edib, təcrübə mübadiləsi aparıb və birgə təşəbbüslər müəyyənləşdiriblər.

"Bu forum ölkələrimiz arasında media sahəsində inkişaf üzrə yol xəritəsi çərçivəsində həyata keçirilən ikitərəfli əməkdaşlığın faydalı ənənəsinin davamıdır. Rəqəmsal transformasiya və informasiya təhlükəsizliyi, xüsusilə də regionda informasiya axınlarının aktivliyi və dezinformasiya risklərini nəzərə alaraq bu gün prioritet istiqamətlərdir", - Azərbaycanın Medianın İnkişafı Agentliyinin departament rəhbəri Rasim Bağırov qeyd edib.

Özbəkistan Jurnalistlər İttifaqının sədr səlahiyyətlərini icra edən Xolmurod Salimov gələcək əməkdaşlıq üçün konkret təşəbbüslər təklif edib: "Birincisi, Özbəkistan və Azərbaycanın dövlət və qeyri-dövlət media qurumları arasında qarşılıqlı əlaqələri davam etdirmək. İkincisi, hər iki ölkənin təcrübəli jurnalistlərinin ən yaxşı materiallarını və yaradıcılıq işlərini əhatə edən ikidilli kitab nəşr etmək. Üçüncüsü, informasiya təhlükəsizliyi və şəxsi məlumatların qorunması haqqında beynəlxalq qanunların yenilənməsini başlatmaq".

Həmçinin Azərbaycan Audiovizual Şurasının Aparatının rəhbəri Fazil Novruzov qeyd edib ki, təhsil səviyyəsinin, media savadlılığının və rəqəmsal bacarıqların artırılması xüsusi əhəmiyyətə malikdir: "Bu alətlər qarşılıqlı əlaqəlidir və onların uğurlu tətbiqi informasiya təhlükəsizliyinə töhfə verir. Azərbaycan media savadlılığının artırılması və məlumatların qorunması üçün xarici tənzimləyicilərlə və ictimai təşkilatlarla fəal əməkdaşlıq edir".

Özbəkistan Milli Media Cəmiyyətinin baş direktoru Abduaziz Abutalipov vurğulayıb: "İnformasiya etimaddır. Heç bir jurnalist, heç bir dövlət təhdidlərlə tək başına mübarizə apara bilməz. Açar söz tərəfdaşlıqdır. Praktikada bu - jurnalistlər və mühəndislərin birlikdə çalışdığı faktların yoxlanılması üzrə birgə layihələr; məlumatları və vətəndaşların hüquqlarını qoruyan vahid beynəlxalq rəqəmsal təhlükəsizlik standartları; təhdidlərə sürətli reaksiya üçün texnologiya və bilik mübadiləsi; cəmiyyət üçün etimad qalxanına çevrilən media və platformaların ittifaqının yaradılması deməkdir".

Son xəbərlər

Bütün Xəbər Lenti