Daşkənddə İslam irsinin təbliği üçün yeni media yanaşmaları müzakirə edilib
- 25 avqust, 2026
- 17:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Daşkənddə "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" adlı beynəlxalq media forumu çərçivəsində "Böyük tarixi şəxsiyyətlər: İslam irsinin təbliği üçün yeni media formatları" adlı plenar sessiya keçirilib.
"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, sessiya iştirakçıları tarixi və mədəni irsin təbliği üçün müasir media formatları, rəqəmsal texnologiyalar və süni intellektin istifadəsini müzakirə ediblər.
"TRT Avaz" (Türkiyə) telekanalının rəhbəri Yücel Kılıçkaya telekanalın forum iştirakçıları ilə əməkdaşlığa hazır olduğunu bildirib və İslam sivilizasiyası məsələlərində beynəlxalq dialoqun vacibliyini vurğulayıb.
"Mega Basim" (Türkiyə) nəşriyyat evinin İdarə Heyətinin sədri Hasanbey Kondu qeyd edib ki, texnologiyaların və süni intellektin sürətli inkişafına baxmayaraq, kitab oxumaq öz əhəmiyyətini itirməyəcək. Onun sözlərinə görə, bilik və təhsil həm də dezinformasiya və manipulyasiyalarla mübarizə üçün zəruridir.
VIKO (İtaliya) televiziya şirkətinin baş prodüseri Viktorina Petrosyants Özbəkistanla tarix, arxeologiya, mədəniyyət və adət-ənənələrlə bağlı layihələr sahəsində çoxillik əməkdaşlıqdan danışıb. O, həmçinin "Yeni Kainat. İslam Sivilizasiyası Mərkəzi" sənədli filmini təqdim edib.
"Rusiya" Milli Mərkəzinin baş direktorunun müavini Anastasiya Zvyagina Moskvadakı "Rusiya" Milli Mərkəzində Özbəkistan Günlərinin və Daşkənddəki İslam Sivilizasiyası Mərkəzində isə Rusiya Günlərinin təşkil olunmasını təklif edib.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru Şerzodxon Kudratxoca tarixin işıqlandırılmasına yaradıcı yanaşmanın və tarixi məzmunun müasir gənclərin maraqlarına uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.
Müstəqil tədqiqatçı, "SMI-ASIA" nəşriyyatının direktoru Aleksey Arapov Teymurilər dövrünün öyrənilməsi üzrə beynəlxalq elmi-tədqiqat ekosisteminin yaradılması təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, bu sistem beynəlxalq mütəxəssislər şəbəkəsini və vahid elmi-informasiya bazasını birləşdirə bilər.
"TRT World" telekanalının (Hindistan) Planlaşdırma departamentinin rəhbəri Umeş Vohra Özbəkistanın müasir İpək Yolunun texnoloji və rəqəmsal habı kimi potensialını qeyd edib. O, tarixi irsin təqdim edilməsi üçün rəqəmsal platformaların və interaktiv texnologiyaların istifadəsinin vacibliyini vurğulayıb.
"Xalq qəzeti"nin Mərkəzi Asiya bürosunun rəhbəri Qulu Kazımov (Azərbaycan) süni intellektdən istifadə etməklə bir çox dillərdə nəşrlər və qısa sənədli filmlər vasitəsilə Özbəkistanın tarix və mədəniyyətini təbliğ etməyi təklif edib.
Sessiya iştirakçıları tarixi və İslam irsini geniş beynəlxalq auditoriya üçün əlçatan edə biləcək müasir formatların yaradılması məqsədilə KİV, elmi və mədəniyyət müəssisələrinin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar.