Azərbaycan mediasının Vətən müharibəsi dövründəki fəaliyyəti müzakirə olunub

Media
  • 05 noyabr, 2026
  • 11:55
Azərbaycan mediasının Vətən müharibəsi dövründəki fəaliyyəti müzakirə olunub

Media və Yayım Şurasında "Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi" mövzusunda dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Vətən müharibəsində iştirak edən jurnalistlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli tədbirdəki çıxışında Vətən müharibəsinin Azərbaycan jurnalistikası üçün də böyük sınaq olduğunu vurğulayıb:

"Həm informasiya savaşında, həm də döyüş meydanında jurnalistlərimiz iştirak etdilər, qarşıya qoyulan məqsədlərə nail olundu. Torpaqlarımızın azad olunmasında onların da xidmətlərinin olduğu qeyd edilməlidir. İstər Birinci Qarabağ savaşında, istərsə də Vətən müharibəsində şəhid olan jurnalistlərimiz var. İkinci Qarabağ müharibəsindən sonra Kəlbəcərdə peşə fəaliyyətlərini yerinə yetirən zaman AZTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov şəhid oldu. Jurnalistlərimiz zəfərimiz üçün həm döyüşdülər, həm də salnamələr yazdılar".

N.Məmmədli deyib ki, Vətən müharibəsi zamanı Prezident İlham Əliyev 30-dan çox ölkənin mediasına müsahibələr verib:

" Birinci Qarabağ müharibəsində biz təklənmişdik, səsimiz eşidilmirdi, Azərbaycan informasiya blokadasında idi. İkinci Qarabağ müharibəsində isə Azərbaycanın səsi dünyanın hər yerindən eşidildi. Azərbaycan jurnalistləri vəzifə borcunu layiqincə yerinə yetirə bildi. Azərbaycan dövləti məhz belə fədakarlıq göstərmiş jurnalistlərimizin, həmkarlarımızın fəaliyyətini yüksək qiymətləndirib, orden və medallarla təltif etdi".

Daha sonra Vətən müharibəsi dövründə medianın fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə döyüşlərdə iştirak edən jurnalistlər- İlham Tumas, Mayıl Əsgərov,

Məğrur Əli Polad , Mətbuat Şurasının İdarə Heyətinin üzvü , keçmiş XTQ mənsubu Bəhruz Məmmədzadə çıxış ediblər.

Onlar keçdikləri döyüş yolunu, düşdükləri çətinlikləri, qazanılan tarixi Zəfər bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbir çərçivəsində döyüşlərinin ən qızğın nöqtələrindən reportajlar hazırlayan Fərdin İsazadə, Araz Xan çıxış edərək müharibə zamanı jurnalistin peşə yolundan danışıblar.

Dəyirmi masa müzakirələrlə davam edib.

YENİLƏNİR

44 filmi