Sumqayıtda "İndoneziya günü" keçirilib
- 19 oktyabr, 2025
- 17:14

Sumqayıt şəhərinin Dövlət Dram Teatrında "İndoneziya günü" keçirilib.
"Report"un yerli bürosu məlumat verir ki, mərasimdə İndoneziyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Merita Yenninin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanda yaşayan İndoneziya vətəndaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ziyalıları, mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.
Tədbir zamanı İndoneziya mədəniyyətinə, incəsənətinə və ənənələrinə həsr olunmuş zəngin proqram təqdim olunub. Səhnədə uzaq Asiya ölkəsinin rəqsləri nümayiş etdirilib, milli musiqilər səsləndirilib, ekran vasitəsilə İndoneziyanın təbiətinin, turizm potensialının və qədim mədəni irsinin təqdimatı keçirilib.
Tamaşaçılar İndoneziyanın çoxəsrlik tarixini, özünəməxsus memarlıq üslubunu, mətbəx və həyat tərzini əks etdirən videoçarxları maraqla izləyiblər. İndoneziyalı rəqqasların milli geyimlərdə ifa etdikləri rəqslər tədbirə xüsusi rəng qatıb və izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Bundan başqa, teatrın foyesində İndoneziya mədəniyyətini əks etdirən sərgi təşkil olunub. Burada həmin ölkənin milli sənət nümunələri, əl işləri, dekorativ əşyalar və suvenirlər nümayiş etdirilib. Sərgi iştirakçılarına İndoneziyanın milli mətbəxinə məxsus müxtəlif təamlar da təqdim olunub.
Tədbir iştirakçıları Sumqayıtda belə beynəlxalq mədəniyyət günlərinin keçirilməsini yüksək qiymətləndirib, bunun xalqlar arasında dostluq əlaqələrinin güclənməsinə və mədəni inteqrasiyanın dərinləşməsinə xidmət etdiyini bildiriblər.
"İndoneziya günü" musiqi, rəqs, rəng və səmimiyyət dolu anlarla yadda qalıb, Sumqayıt sakinlərinə uzaq bir ölkənin mədəniyyətinə səyahət imkanı yaradıb.