Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılığın verilməsi elektronlaşdırılacaq

Mədəniyyət siyasəti
  • 24 noyabr, 2025
  • 18:05
Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılığın verilməsi elektronlaşdırılacaq

Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılığın verilməsi elektronlaşdırılacaq.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna əsasən, xüsusi mülkiyyətdə olan abidələr satılarkən mülkiyyətçi bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verməlidir.

Belə ki, dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin mülki dövriyyəsi (alqı-satqı, bağışlama) ilə əlaqədar proseslərin rəqəmsal mühitə daşınması ilə operativliyin təmin edilməsi, prosesin elektron formada izlənməsi, vaxt itkisinin qarşısının alınması və istifadəçilərin məmnunluq səviyyəsinin yüksəldilməsi təmin ediləcək.

Həmçinin, "e-Culture" rəqəmsal inkişaf strategiyası çərçivəsində mədəni irsin qorunması sahəsində bir sıra xidmətlər elektron formata keçirilib və müraciətlər artıq Mədəniyyət Nazirliyinin "MyCulture" vahid şəxsi kabineti üzərindən qəbul olunur.

Bundan əlavə, qoruqlarda və abidələrin mühafizə zonalarında tikinti və abadlıq işlərinin aparılmasına razılığın verilməsi, inşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazənin verilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılığın verilməsi üzrə müraciətlər "MyCulture" şəxsi kabineti üzərindən elektron təqdim olunur.

Eyni zamanda, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə, xüsusi mülkiyyətdə olan daşınmaz tarix və mədəniyyət abidələrinin və onlara aid yaşayış və qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə, daşınmaz tarix və mədəniyyət abidələri və ya onların ayrı-ayrı hissələrinin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlərin görülməsi üçün müvafiq layihələrə razılığın verilməsi də buraya daxildir.

İstifadəçilər şəxsi kabinetinə daxil olaraq şəxsi hesab yarada, bir pəncərə prinsipi əsasında mədəniyyət sahəsində xidmətlərdən istifadə edə, müraciət və təkliflər göndərə, elanlarla tanış ola, müraciətlərin statusunu izləyə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti