Səbaildə tarixi binanın qanunsuz dəyişdirilən giriş qapısı bərpa olunub - Rəsmi
- 26 noyabr, 2026
- 11:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısı bərpa edilərək əvvəlki yerinə quraşdırılıb.
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılıb:
"Araşdırma zamanı sosial şəbəkələrdə yayılan məlumatlar öz təsdiqini tapıb və tarixi memarlıq abidəsinə müdaxilə faktı müəyyən edilib. Yoxlamanın nəticələrinə əsasən, qanunsuz dəyişikliklə bağlı obyektin tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpa edilməsi təmin edilib. Eyni zamanda, sahibkara tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə bu kimi halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib".
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirilib ki, binanın qapısının bərpası ilə bağlı layihə 2025-ci ilin may ayında Dövlət Xidmətinə təqdim edilib və qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlənib:
"Qapı təsdiq edilmiş layihəyə əsasən bərpa edilib yerinə quraşdırılsa da, 2026-cı ilin oktyabr ayında onun sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi aşkar edilib. Bununla bağlı binanın memarlıq kompozisiyasının tərkib hissəsi olan giriş qapısının qısa müddətdə əvvəlki yerinə qaytarılması tələb olunub.
Bu müddətdə isə şüşə konstruksiyanın üzərində müvəqqəti olaraq taxta qapı görüntüsü yaradan vinil örtük vurulub. Sözügedən fakt aşkar edildikdən sonra vinil örtük sökülsə də, iki gün əvvəl yenidən həmin örtüyün vurulduğu müəyyən edilib. Hazırda tarixi abidənin giriş qapısı Dövlət Xidməti tərəfindən orijinallığı və ilkin görünüşü qorunmaqla bərpa edilərək öz yerinə quraşdırılıb. Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması faktı ilə bağlı inzibati protokol tərtib edilib".
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə edilməsi ilə bağlı məlumat və görüntülər yayılmışdı.