Zakir Nuriyev: "Dövlət fondları üzrə kreditləşmə 1,2 milyard manata çatıb"

Maliyyə
  • 09 iyun, 2026
  • 11:18
Zakir Nuriyev: Dövlət fondları üzrə kreditləşmə 1,2 milyard manata çatıb
Zakir Nuriyev

Azərbaycanda dövlət fondları üzrə kreditləşmə 1,2 milyard manata çatıb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu yaxınlarda təsdiq etdiyi "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üzrə Dövlət Proqramı" çərçivəsində maliyyə resursuna çıxış imkanını genişləndirmək əsas prioritetlərdən biri kimi müəyyən edilib: "Bu istiqamətdə aqrar kredit kooperativlərinin yaradılması və dəstəklənməsi, aqrar sığorta sisteminin gücləndirilməsi, subsidiya, zəmanət və güzəştli kredit mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur. Bu kontekstdə dövlət fondları tərəfindən verilən kreditlərin dinamikası da diqqət çəkir. Ötən hesabat dövründə dövlət fondları tərəfindən bütün istiqamətlər üzrə təqdim olunan kreditlərin həcmi 1,2 milyard manata çatıb".

Z.Nuriyev qeyd edib ki, bank sektorunun depozit portfelində artım tendensiyası davam edir: "Ümumilikdə depozit portfeli 37,8 milyard manatı ötüb, illik müqayisədə 2,8 % artım qeydə alınıb. Eyni zamanda, fiziki şəxslərin depozitləri daha yüksək templə – 18,7% artaraq 17,3 milyard manata çatıb. Bu göstərici əhalinin bank sisteminə etibarının qorunduğunu və bankların resurs bazasının daha da gücləndiyini göstərir. Müsbət tendensiyalardan biri də dollarlaşma səviyyəsinin azalmasıdır. Depozit portfelində dollarlaşma səviyyəsi 35,7%-ə, əmanətlər üzrə isə 30,2 %-ə enib. Bu da həm milli valyutaya, həm də bank sektoruna inamın artdığını nümayiş etdirir".

O, əlavə edib ki, bankların kapital göstəriciləri də dayanıqlığın mühüm indikatoru olaraq qalır: "Kapitalın 7,7 milyard manata çatması və 9,7 % artım nümayiş etdirməsi bank sektorunun kapital bazasının və maliyyə dayanıqlığının daha da gücləndiyini göstərir".