Zakir Nuriyev: "Avropa Direktivinə təklif edilən III nəsil dəyişikliklər nəzərə alınmalıdır"
- 09 oktyabr, 2025
- 10:45

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun təkmilləşdirilməsi, yeni əlavə və dəyişikliklərin müəyyən edilməsi zamanı daxili bazarda ödəniş xidmətləri haqqında Avropa Direktivinə təklif edilən III nəsil dəyişikliklər də nəzərə alınmalıdır.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.
"Nümunə olaraq, elektron pul təşkilatlarına qoyulmuş pul vəsaitlərinin birdən çox sayda bankda saxlanılması tələbi qeyd edilə bilər. Bu yanaşma ödəniş xidməti istifadəçilərinin pullarının təhlükəsizliyini daha da möhkəmləndirməklə, elektron pul təşkilatlarının dayanıqlılığının artırılmasına imkan verir. Hesab edirik ki, maliyyə inklüzivliyinin inkişafı və açıq maliyyə yanaşmasının daha effektiv tətbiqi baxımından fintexlərin əlavə fəaliyyət istiqamətləri qanunvericilik əsasında genişləndirilməlidir. Bu, ekosistemdə innovasiyaların tətbiqini sürətləndirməklə yeni müştəri seqmentlərinin yaranmasına imkan verəcək. Bərabər rəqabət mühitinin qorunub saxlanılması və bu əsasda dayanıqlı inkişafın təmin edilməsi məqsədilə məlumatlardan istifadə edilməsi və bu alətin daha effektiv idarə olunması üçün qabaqcıl Avropa təcrübəsindən yararlanmalıyıq", - deyə o qeyd edib.
Z.Nuriyevin sözlərinə görə, bu məqsədlə məlumatların saxlanılması, istifadəsi və ümumilikdə məlumatlarla işin təşkili üzrə qanunvericilik tələbləri müəyyən edilməlidir: "Bu, ekosistem iştirakçıları üçün bərabər imkanlar yaratmağa və məlumatın hər bir iştirakçı üçün bərabər şərtlər altında əlçatan olmasına imkan verəcək. Məlum olduğu kimi, ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödəniş dövriyyəsinin 87 %-i elektron ticarətin payına düşür. Elektron ticarət son illərdə sıçrayışla inkişaf edir. Bu inkişaf tendensiyasının daha davamlı olması, kiçik və orta sahibkarların elektron ticarətə cəlb edilməsi, habelə maliyyə xərclərinə qənaət baxımından, elektron ticarətdə ödəniş əməliyyatları üzrə hesablaşma müddətləri iştirakçılar arasında müstəqil qaydada tənzimlənməlidir".