Vüqar Gülməmmədov: "Qeyri-neft-qaz sektorunun payı rekord həddə çatacaq"
- 16 noyabr, 2026
- 12:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qeyri-neft-qaz sektorunun payı həm ümumi daxili məhsulda (ÜDM), həm də büdcə gəlirlərində rekord həddə çatacaq.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, son illər ərzində sosial-iqtisadi, istərsə də dövlət maliyyəsi sahəsində aparılan islahatlar dövlətin iqtisadi qüdrətinin və maliyyə resurslarının davamlı olaraq artmasına xidmət edib: "2027-ci ilin dövlət büdcəsinin layihəsi ötən dövrün reallıqları və qarşıdakı dövrün çağırışları nəzərə alınmaqla hazırlanıb. Qarşıdakı ilin dövlət büdcəsinin layihəsi parametrlərinin strukturu baxımından iki əsas xüsusiyyəti ilə seçilir. Proqnozlara əsasən, qeyri-neft-qaz ümumi daxili məhsulun payının 77 %-dən çox olacağı nəzərdə tutulur. Bu da bugünkü tarixə ən yüksək göstəricidir".
V. Gülməmmədov bildirib ki, proqnozlara əsasən, növbəti ildə dövlət büdcə gəlirlərinin 60,6 %-nin qeyri-neft-qaz sektorundan daxil olmaları təşkil edəcək ki, bu da bugünkü tarixə ən yüksək rəqəmdir: "2027-ci ilin dövlət büdcəsini neft asılılığının azaldılmasına dönüş nöqtəsi və eyni zamanda hərbi-sosial investisiya xərclərinin optimal sintezi kimi də xarakterizə etmək mümkündür".