Vitse-prezident: "ADB üçün rəqəmsal infrastruktur Azərbaycana dəstək göstəriləcək vacib istiqamətə çevrilir" - MÜSAHİBƏ

Maliyyə
  • 02 oktyabr, 2025
  • 14:27
Vitse-prezident: ADB üçün rəqəmsal infrastruktur Azərbaycana dəstək göstəriləcək vacib istiqamətə çevrilir - MÜSAHİBƏ

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanı regionda əsas tərəfdaşlarından biri hesab edir və ölkənin davamlı və şaxələndirilmiş iqtisadi inkişafına dəstəyini genişləndirmək niyyətindədir. İnfrastruktur, bərpa olunan enerji, "yaşıl texnologiyalar" və özəl sektorun stimullaşdırılması bankın diqqət mərkəzindədir.

2025-2029-cu illər üzrə Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyasının tətbiqi ərəfəsində ADB aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirməyə, nəqliyyat və rəqəmsal dəhlizlərin inkişafına, maliyyə bazarlarının möhkəmləndirilməsinə və ölkənin investorlar üçün cəlbediciliyinin artırılmasına yönəlmiş uzunmüddətli gündəlik formalaşdırır. İqtisadiyyatın modernləşdirilməsi və özəl kapitalın strateji layihələrə cəlb edilməsi üçün vacib alət kimi nəzərdən keçirilən dövlət-özəl tərəfdaşlığına (PPP) xüsusi diqqət yetirilir.

Asiya İnkişaf Bankının vitse-prezidenti Barqav Dasqupta (Bhargav Dasgupta) 29-30 sentyabr tarixlərində Bakıya səfəri zamanı "Report"a eksklüziv müsahibəsində ADB-nin prioritetləri, özəl sektor üçün yeni imkanlar, kapital bazarlarının inkişafı və Azərbaycanda "yaşıl maliyyə alətləri"nin təşviqi planları haqqında danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

- ADB qarşıdakı illərdə Azərbaycan üçün dövlət-özəl tərəfdaşlığının hansı istiqamətlərini prioritet hesab edir? Bank bu cür layihələrin maliyyələşdirilməsində iştirakını genişləndirməyi planlaşdırırmı və bu, hansı sektorlarda (nəqliyyat, enerji, bərpa olunan enerji, rəqəmsal infrastruktur) daha çox gözlənilir?

-Yaradılmış bu fürsətə görə minnətdaram. Azərbaycanda olmaqdan, hökumət və özəl sektor nümayəndələri ilə görüşərək ADB-nin vacib dəstəyinin ölkədə davamlı, inklüziv və innovativ inkişafı necə sürətləndirə biləcəyini müzakirə etməkdən çox məmnunam.

Bu yaxınlarda biz vacib bir mərhələni – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə tranzaksiya məsləhət xidmətlərinin göstərilməsi haqqında sazişin imzalanmasını qeyd etdik. Fürsətdən istifadə edərək, bu layihənin reallığa çevrilməsinə görə ADB-nin Azərbaycandakı nümayəndəliyində və baş ofisində çalışan sadiq komandamızı, eləcə də ADSEA-dakı tərəfdaşlarımızı ürəkdən təbrik etmək istəyirəm.

Bu əməkdaşlıq bizə Hövsan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi layihəsi çərçivəsində Azərbaycan tarixində ilk məsləhət mandatını dəstəkləməyə imkan verir. Bu təşəbbüs sanitariya şəraitini yaxşılaşdıracaq, Abşeronda kənd təsərrüfatı ehtiyacları üçün suyun təkrar istifadəsinə töhfə verəcək və etibarlı PPP modelinin tətbiqi mümkün olacaq. Bu, ADB-nin Azərbaycanın milli inkişaf prioritetlərinə tam uyğunlaşaraq iqlim dayanıqlılığını təşviq etmək və özəl sektorun iştirakını stimullaşdırmaq səylərinin parlaq nümunəsidir.

Mərkəzi Asiyada ADB-nin dövlət-özəl tərəfdaşlığı layihələri təhsil, səhiyyə, enerji və istilik təchizatı kimi əsas sahələrə özəl sektordan investisiyaların cəlb edilməsində öz effektivliyini sübut edib. Bu layihələrlə yanaşı, biz həmçinin davamlı inkişafı təmin etmək üçün potensialın inkişafını və normativ-hüquqi bazanın təkmilləşdirilməsini dəstəkləmişik. Biz bu təcrübəni Azərbaycanda tətbiq etməyi səbirsizliklə gözləyirik.

ADB Azərbaycanın infrastrukturunun modernləşdirilməsi və iqtisadiyyatının şaxələndirilməsində PPP üçün böyük potensial görür. Prioritetlərimiz ölkənin milli inkişaf proqramı ilə sıx bağlıdır və davamlı infrastrukturu, "yaşıl keçid"i sürətləndirmək üçün bərpa olunan enerjini, daxili və regional bağlantını gücləndirmək üçün aşağı karbonlu nəqliyyat infrastrukturunu əhatə edir.

Rəqəmsal infrastruktur da Azərbaycanın rəqəmsal transformasiya və innovasiya ambisiyaları çərçivəsində dəstək göstəriləcək vacib istiqamətə çevrilir.

Layihələrin maliyyələşdirilməsi ilə yanaşı, biz qanunvericilik bazasının təkmilləşdirilməsi və institusional potensialın inkişafı da daxil olmaqla, PPP-nin inkişafı üçün güclü bazanın yaradılması istiqamətində Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edirik. Beləliklə, biz özəl sektorun iştirakı üçün yeni imkanlar yaratmağa və Azərbaycanın uzunmüddətli davamlı inkişafına töhfə verməyə çalışırıq.

- Özəl sektorun maliyyələşdirilməsi və inkişafı ADB-nin Azərbaycan üçün yeni strategiyasında hansı rolu oynayır? Bu istiqamətdə gözlənilən dəstəyin miqyası necədir və birbaşa kreditləşdirmə, zəmanətlər, kapitalda iştirak kimi alətlər çeşidi genişləndiriləcəkmi?

- Özəl sektorun inkişafı 2025-2029-cu illər üzrə Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyamızın əsas istiqamətidir. Biz özəl sektoru inkişafın, innovasiyanın və davamlılığın ən vacib hərəkətverici qüvvəsi hesab eidirik. Biz bərpa olunan enerji, aqrobiznes, emal sənayesi, maliyyə institutları və ticarətin maliyyələşdirilməsi proqramları kimi sahələrə daha çox özəl investisiyaların cəlb edilməsi imkanlarını araşdırır, həmçinin dövlət müəssisələri ilə onların korporativləşmə səviyyəsinin artırılması istiqamətində işləyirik.

Əsas element əməkdaşlıqdır. Azərbaycan hökuməti və özəl sektorla birlikdə biz təhsil və peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğunluğunu təmin etməyə çalışırıq. Bura əməkhaqqının daha yüksək olduğu sektorlarda qadınlar üçün imkanların genişləndirilməsi, "yaşıl bacarıq"ların inkişafı və Azərbaycanın daha ekoloji və şaxələndirilmiş iqtisadiyyata keçidini dəstəkləməyə hazır olan işçi qüvvəsinin formalaşdırılması daxildir.

Biz həmçinin iş yerlərinin yaradılmasında və innovasiyaların stimullaşdırılmasında mühüm rol oynayan kiçik və orta biznesin (KOB) dəstəklənməsinə xüsusi diqqət yetiririk. Bu hədəfə çatmaq üçün təklif edə biləcəyimiz alətlər çeşidini genişləndiririk. Ənənəvi kreditləşdirmə ilə yanaşı, zəmanətlər verməyə, kapitalda iştirak etməyə və daha çox özəl kapitalın səfərbər edilməsi üçün ticarət maliyyəsini inkişaf etdirməyə hazırıq.

Məqsədimiz təkcə layihələri maliyyələşdirmək deyil, həm də investisiya risklərini azaltmaq və dəyişikliklərə səbəb olacaq təşəbbüsləri birgə maliyyələşdirmək üçün digər tərəfdaşları cəlb etməkdir. Bu alətlərdən istifadə edərək, biz Azərbaycanın iqtisadi potensialını üzə çıxarmağa, dayanıqlı özəl sektoru gücləndirməyə və ölkənin inklüziv və davamlı inkişaf sahəsindəki baxışını dəstəkləməyə kömək etmək istəyirik.

Miqyasa gəlincə, bu il Milanda keçirilən illik iclasda bankın prezidenti Masato Kanda özəl sektorla əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı cəsarətli baxış təqdim etdi və biz artıq bunu həyata keçiririk.

Son bir neçə il ərzində özəl sektorla əməliyyatlarımızın həcmini iki dəfədən çox artırmışıq, indi isə hədəfimiz 2030-cu ilədək özəl srktorun illik maliyyələşdirilməsini dörd dəfə - 13 milyard dollara qədər artırmaqdır. Bu prosesə Azərbaycan üçün daha çox özəl kapitalın cəlb edilməsi də daxil olacaq.

- ADB Azərbaycanda kapital bazarlarının inkişafına necə dəstək göstərməyi planlaşdırır?

- ADB Azərbaycanın kapital bazarlarının gücləndirilməsinə dəstək verməkdə maraqlıdır, çünki bu, uzunmüddətli maliyyənin səfərbər edilməsi və özəl investisiyaların cəlb edilməsində böyük əhəmiyyət kəsb edir. Yerli fond birjasında, xüsusən də milli valyutada istiqraz buraxılışı prioritetlərimizdən biridir.

Daxili istiqraz bazarının inkişafı məsələsinə gəlincə, biz əməli addımlara fokuslanırıq. Hazırda biz yerli bazarda ADB istiqrazlarının buraxılması, özəl emitentlərlə tərəfdaşlıq və bazarın inkişafı üçün daha əlverişli mühitin yaradılması məqsədilə normativ-hüquqi bazanın gücləndirilməsi imkanlarını müzakirə edirik. Eyni zamanda biz dövlət müəssisələrinə və ya infrastruktur layihələrinə yönəlmiş "yaşıl istiqraz"ın (ESG) pilot qaydada buraxılışı mümkünlüyünü nəzərdən keçiririk. Belə bir addımın atılması özəl kapitalın cəlb edilməsinə kömək edə bilər.

Tənzimləmə baxımından, ADB yaşıl və davamlı maliyyələşdirmənin təşviqində - "yaşıl taksonomiya" və ESG standartlarının işlənib hazırlanması, özəl emitentlər üçün "yaşıl istiqraz"ların pilot buraxılışı və ya fintex və digər davamlı maliyyə həllərinin inkişafı üçün innovasiyalardan istifadə edilməsində Azərbaycana dəstək verməkdən məmnundur.

Biz artıq Gürcüstanda və regionda belə bir yanaşmanın uğurlarının şahidi olmuşuq, ADB Qafqaz regionunda həm ABŞ dollarında, həm də milli valyutada davamlılıq göstəricilərinə bağlı ilk "yaşıl istiqrazları" buraxmağa kömək edib.

Bu, tənzimləyicilər, yerli banklar və şirkətlərlə (həm özəl, həm də dövlət) sıx tərəfdaşlıq sayəsində mümkün olub. ADB bu təcrübə və ekspertizanı Azərbaycana gətirə bilər, eləcə də maraq göstərən əsas tərəflər arasında təcrübə mübadiləsinə dəstək verməyə hazırdır.

Son xəbərlər

Bütün Xəbər Lenti