Kirayə mənzil üçün məhkumluğa dair arayışın təqdim olunması rəqəmsallaşdırılıb
- 27 may, 2025
- 12:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan vətəndaşları satmaq öhdəliyi ilə kirayə mexanizmindən istifadə etmək üçün məhkumluq haqqında arayışı İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) artıq rəqəmsal formada təqdim edə bilərlər.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Fondun birgə yaydığı məlumata istinadən xəbər verir.
Məlumata görə, tərəflər arasında əməkdaşlıq şəraitində “mygov” platformasında rəqəmsal xidmətlərin əhatə dairəsi genişləndirilib.
Platformada yeni istifadəyə verilmiş funksionallıq vasitəsilə vətəndaşlar “mygov”dan əldə etdikləri məhkumluq haqqında arayışı Fondla birbaşa rəqəmsal şəkildə paylaşa bilərlər.
Əvvəllər bu arayışı fiziki formada təqdim etmək zəruri idisə, artıq bu proses tamamilə rəqəmsallaşdırılıb. Bununla da satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalanmaq istəyən vətəndaşların Fonda kağız daşıyıcıda təqdim etməli olduğu sənədlərin sayı sıfıra düşüb.
Məhkumluq haqqında elektron arayışı həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə paylaşmaq mümkündür.
Yeni xidmət İKZF, Daxili İşlər Nazirliyi və İRİA arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Xidmətin istifadə qaydası aşağıdakı mərhələləri əhatə edir:
1. “mygov” platformasında “Xidmətlər” bölməsinə daxil olunur.
2. “Məhkumluq haqqında arayış” seçilir.
3. “Tarixçə” bölməsindən müvafiq arayışa keçid edilir.
4. “Paylaş” funksiyası seçilir.
5. İpoteka və Kredit Zəmanət Fondu seçilir və arayış elektron şəkildə göndərilir.
Əgər vətəndaşın məhkumluq haqqında arayışı “mygov” platformasında mövcud deyilsə, platformadan arayışın əldə olunması üçün müraciət edə bilərlər.
Tətbiq olunan bu kimi rəqəmsal həllər vətəndaş məmnuniyyətinin artırılması, onların vaxt və resurslarına qənaət edilməsi, eləcə də kağız sərfiyyatının azaldılması kimi məqsədlərə xidmət edir.