Vençur fondu: Fintexlər sərt tənzimləmədən əziyyət çəkirlər
- 09 oktyabr, 2025
- 14:29

Azərbaycandakı fintexlər sərt tənzimləmədən əziyyət çəkirlər.
"Report" xəbər verir ki, bunu "Caucasus Ventures"un Baş partnyoru Məmməd Kərim Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.
"Bizim ilk yatırımımız fintex şirkətinə olub. Türkdilli ölkələr arasında pul köçürmələri edən şirkət idi. İlk dövrlərdə onun fəaliyyəti xoşumuza gəlirdi, sonradan gördük ki, o qədər də sürətli inkişaf edə bilmir. Tənzimləmələr müəyyən qədər onun sürətini azaltdı. Razıyam, bu olmalıdır. Ancaq müəyyən qədər tənzimləyici qurumların yanaşmasında yumuşalma olmalıdır. Başqa cür fintexlər əziyyət çəkir. Azərbaycanda xüsusilə fintexlər son 3 ildə müəyyən inkişaf sürəti əldə edib", - deyə o qeyd edib.
Vençur fondu rəsmisi qeyd edib ki, lisenziyalaşdırma qeyri-müəyyənliyi aradan götürür, ancaq inkişafla əlaqəli qeyri-müəyyənlik müşahidə edilir: "Bu sahə tənzimlənməlidir. Ancaq bu qədər tənzimlənən bazar olmasından biz investor kimi narahat oluruq. Böyüməklə bağlı suallar yaranır. Həmçinin böyüdükdən sonra hər hansı bir yenilik istifadəçilərin sayını bir gündə 1 milyondan 10 minə sala bilər. Biz bu halları görmüşük. Bu səbəblərə görə bizim bu coğrafiyada fintexlərə marağımız azalıb. Bəzən startaplar var ki, fintex kimi bizə yanaşıblar, ancaq onlara məsləhət görmüşük ki, özlərin başqa sahədə sınasınlar. Çünki, fintex bazarı hazırda bizə qorxulu gəlir. Bu sektora yanaşma çox sərtdir".