“Unibank” nizamnamə kapitalını artırıb
- 29 dekabr, 2017
- 11:34
Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Fond Birjasında “Unibank” ASC-nin hər birinin nominal dəyəri 2,72 manat olan 2 205 893 ədəd (6 000 028,96 manatlıq) sənədsiz səhmlərinin yerləşdirilməsi başa çatıb.
Bu barədə “Report” Banka istinadən xəbər verir.
Məlumata görə, Birjada həm də “Unibank”ın 10 mln. ABŞ dolları məbləğində istiqrazlarının yerləşdirilməsi yekunlaşıb. Son nəticədə Bankın nizamnamə kapitalı 5% artaraq 119 686 326,72 manatdan 125 686 355,68 manata, məcmu kapitalı isə, təxminən, 50% artaraq 44 mln. manatdan 66 mln. manata yüksəlib.
Nizamnamə kapitalının artırılması ilə “Unibank”ın səhmdarlarının pay bölgüsü dəyişib. Belə ki, yerli fiziki şəxs olan səhmdarların payı 0,2% bəndi azalaraq 45,7%-ə, Avropa Yenidənqurma və İnkişaf bankının (EBRD) payı isə 19,4%-dən 18,5%-ə düşüb, əvəzində DEG – Almaniya İnvestisiya Şirkətinin payı 24,4%-dən 26%-ə yüksəlib.
Xatırladaq ki, bu il ərzində “Unibank” artıq ikinci dəfədir ki, kapitalını artırır. İyunda Bankın nizamnamə kapitalı 49 mln. manat artırılmışdı.
“Unibank” 2015-ci ilin iqtisadi böhranının və makroiqtisadi şoklarının mənfi nəticələrini səhmdarların dəstəyi ilə aradan qaldırmaqla bütün itkiləri bərpa edib, 2017-ci ili 2 mln. manat mənfəətlə başa vurub. Bankın təsdiqlənmiş 3 illik strateji planına və maliyyə proqnozuna əsasən, maliyyə qurumu 2018-ci ili 15 mln. manat mənfəətlə yekunlaşdırmağı planlaşdırır.