“Unibank”ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 16 oktyabr, 2024
  • 13:35
“Unibank”ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Oktyabrın 22-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Unibank” ASC-nin 20 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 100 manat olan 200 000 ədəd istiqraz premium bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazlar 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,386 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.