Vüsal Qasımlı: “Uçot dərəcəsinin sabit saxlanılması balanslaşdırıcı qərardır”

Maliyyə
  • 19 mart, 2020
  • 14:26
Vüsal Qasımlı: “Uçot dərəcəsinin sabit saxlanılması balanslaşdırıcı qərardır”
Vüsal Qasımlı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini sabit saxlamasını şərh edib. 

“Report” bu barədə quruma istinadən xəbər verir. 

V.Qasımlının sözlərinə görə, pul siyasətində manatın məzənnəsi makroiqtisadi vә maliyyə sabitliyinin əsas lövbәri kimi qəbul edilir: "Pul siyasәti qiymәtlərin sabitliyinә əsaslanır. AMB-nin hesablamalarına görə, manatın möhkәmlәnmәsinin qiymәtlәrә azaldıcı tәsiri ilә müqayisәdә onun ucuzlaşmasının artırıcı tәsiri daha yüksәkdir. 

Ötən ilin sonlarına yaxın manata olan bahalaşma təzyiqləri, hazırda əks istiqamətdə fəaliyyət göstərir. Valyuta bazarında tələb-təklif, tәdiyә balansına aşağı neft qiymətinin təsiri və dollarlaşma meyilləri bu sıradadır. Digər tərəfdən də inflyasiyaya cilovlayıcı təsir göstərən amillər mövcuddur. FAO-nun Qida Qiymətləri İndeksi (FFPI) 2020-ci ilin fevral ayında əvvəlki ayla müqayisədə 1 faiz azalıb. İndeksi təşkil edən 4 məhsul – taxıl, süd, ət və bitki yağı ucuzlaşıb, yalnız şəkər bahalaşıb. Qeyri-әrzaq mәhsulları vә xidmәtlәr üzrә də tələbin azalması qiymətlərin ucuzlaşmasına təsir edir.

Belə bir şəraitdə AMB uçot dərəcəsini dəyişməməklə balanslaşdırıcı qərar qəbul edib. Pul siyasətinin qarşısında bir tərəfdən monetar şəraiti sərtləşdirməmək, digər tərəfdən isə manatın məzənnəsi və qiymət sabitliyini təmin etmək kimi vəzifələr dayanır.

Faiz dəhlizinin aşağı həddini 5, 5%-dən 6, 75%-ə qaldırmaqla kommersiya banklarının AMB-nin keçirdiyi depozit hərraclarında iştirakı stimullaşdırılır. Çünki faiz dəhlizinin aşağı həddi depozit hərraclarında bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsini müəyyənləşdirir. Beləliklə, faiz dəhlizinin aşağı həddi artmaqla, depozit hərraclarında əqdlər üzrə orta faiz dərəcəsini də 1, 25% çoxaldacaq. Bir sözlə, AMB-nin cəlb etdiyi manat kütləsi kommersiya bankları üçün daha cəlbedici olacaq, manat kütləsinin sterilizasiyası üçün daha əlverişli şərait yaranır. Dollarlaşma təzyiqini nəzərə alanda, hazırda dövriyyədə manat kütləsinin idarə edilməsi çox əhəmiyyətlidir”. 

44 - Tezliklə