Türk dünyasının yeni maliyyə aləti Azərbaycanda fəaliyyətə başlayacaq
- 26 oktyabr, 2023
- 12:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin startapı olan "Turan" türk dünyasının maliyyə alətidir və Azərbaycanda xidmət göstərmək üçün lisenziya alınmasını gözləyir.
"Report" xəbər verir ki, bunu "United Payment" şirkətinin icraçı direktoru Edqar Abdullayev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində təşkil olunmuş konfransda bildirib.
O bildirib ki, "Turan" Türkiyədən türk dünyası ölkələrinə pul köçürmələrin həyata keçirilməsinə imkan verir və hazırda 120 mindən çox aktiv istifadəçisi var, aylıq 700 mindən çox əməliyyat həyata keçirilir: "Azərbaycanda da "PAŞA Bank" ASC-nin dəstəyilə "Turan"dan yerli banklara vəsait köçürülməsi təmin edilir.
Azərbaycana aylıq köçürmələr təxminən 9,5 milyon türk lirəsi təşkil edir ki, oktyabrda bu rəqəmi 10 milyon lirəyə, 2024-cü ildə isə aylıq 37,5 milyon lirəyə çatdırmağı hədəfləyirik. Türkiyədən Azərbaycana köçürülən vəsaitlərin bankdan kənar 10 %-i "Turan" vasitəsilə həyata keçirilir".
E. Abdullayev qeyd edib ki, növbəti mərhələdə Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası və Qazaxıstanda xidmət göstərmək planlaşdırılıb: "Türk dünyasına daxil olmasa da orada yaşayan türk millətlərini nəzərə alıb, "Turan"ın fəaliyyətini Gürcüstan üçün də təmin etmişik".