"Tawuniya": Sığorta sektoru böyük transformasiyadan keçir
- 25 iyun, 2026
- 15:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda sığorta sektoru böyük transformasiyadan keçir.
"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtə Ər-Riyadda fəaliyyət göstərən "Tawuniya" şirkətinin birbaşa satışlar üzrə direktoru, kommersiya arbitri, "Chartered Insurance Institute"un xoşməramlı səfiri Yosef Alshabrami Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, süni intellekt anderraytinq, zərərlərin tənzimlənməsi, müştəri xidmətləri və bir çox biznes qərarlarının qəbulunu dəyişdirir: "Bununla belə, texnologiyanın rolu artdıqca, daha vacib bir sual ön plana çıxır: gələcəyin uğurlu sığorta mütəxəssisini nə fərqləndirəcək? Mən hesab edirəm ki, bu sualın cavabı texniki peşəkar bilikləri, süni intellekt savadlılığını və insani mühakimə qabiliyyətini bir araya gətirmək bacarığında gizlənir. Biz sığortanın yeni erasına daxil oluruq. Süni intellekt və avtomatlaşdırma artıq bir çox sığorta proseslərinin ayrılmaz hissəsinə çevrilib. Bir vaxtlar günlərlə vaxt aparan əməliyyatlar indi saniyələr ərzində həyata keçirilir. Lakin bütün bu dəyişikliklərə baxmayaraq, bir həqiqət dəyişmir: güvən hələ də sığortanın təməlidir. Texnologiya səmərəliliyi artırsa da, uzunmüddətli uğur etik dəyərlərdən, hesabatlılıqdan və peşəkarlıqdan asılı olaraq qalır".
"Bu gün sığorta mütəxəssisləri texnologiya, etika və etimadın kəsişmə nöqtəsində fəaliyyət göstərirlər. Gələcəyin sığorta mütəxəssisinə üç əsas bacarıq lazımdır: Birincisi, güclü texniki sığorta bilikləri, ikincisi, süni intellekt və məlumat savadlılığı, üçüncüsü isə insani və məsləhətçi bacarıqları. Artıq texniki biliklər kifayət etmir. Mütəxəssislər süni intellektin qərar qəbulunu necə dəstəklədiyini, onun məhdudiyyətlərini və hansı məqamlarda insan mühakiməsinin hələ də əvəzolunmaz olduğunu dərindən anlamalıdırlar", - deyə direktor əlavə edib.
Bundan başqa, o deyib ki, süni intellekt dövründə insan amili daha da önəm qazanır: "Bu gün süni intellekt artıq sığorta sektorunun bir çox sahələrində tətbiq olunur. O, anderraytinq prosesində risklərin daha sürətli qiymətləndirilməsinə, zərərlərin tənzimlənməsində potensial fırıldaqçılıq hallarının aşkarlanmasına kömək edə bilər, eyni zamanda, daha fərdiləşdirilmiş məhsul və tariflərin hazırlanmasına, böyük hadisələr zamanı isə risklərin real vaxt rejimində izlənməsinə imkan yaradır. Texnologiya mühüm üstünlüklər təqdim etsə də, hər bir qərar yenə də ədalətli, şəffaf və hesabatlı olmalıdır. Rutin işlərin getdikcə daha çox avtomatlaşdırılması insani bacarıqların dəyərini daha da artırır. Müştərilər artıq yalnız sığorta məhsulu deyil, həm də məsləhət, dəstək və düzgün istiqamətləndirmə gözləyirlər. Bu isə güclü ünsiyyət bacarıqları, empatiya və peşəkar mühakimə tələb edir. Texnologiya məlumatı sürətlə təqdim edə bilər, lakin etibar hələ də insanlar arasında formalaşır".
"Süni intellektlə dəstəklənən iş mühitində belə, insani təcrübənin əvəzolunmaz olduğu dörd əsas sahə mövcuddur. Birincisi, mürəkkəb risklərdir. Belə hallarda peşəkar mühakimə və uzunmüddətli təcrübə xüsusi əhəmiyyət daşıyır. İkincisi, böhran vəziyyətləridir. Hadisələrin sürətlə dəyişdiyi məqamlarda insanın operativ qərarvermə qabiliyyəti həlledici rol oynayır. Üçüncüsü, yeni yaranan risklərdir. Buraya kiber risklər, iqlim dəyişikliyi ilə bağlı risklər və tarixi məlumatların məhdud olduğu süni intellekt riskləri daxildir. Dördüncüsü isə strateji münasibətlərdir. Sığortaçılar, təkrarsığortaçılar, tənzimləyici qurumlar və müştərilər arasında formalaşan etibar hələ də insan amilinə əsaslanır. Texnologiya bütün bu sahələrdə qərar qəbulunu dəstəkləyə bilər, lakin peşəkar mühakimə əvəzolunmaz olaraq qalır.
Süni intellekt sığorta sektoruna daha dərindən inteqrasiya olunduqca, peşəkarlıq və etika məsələləri daha da ön plana çıxır. Bu sahədə dörd əsas prinsip rəhbər tutulmalıdır. Birincisi, şəffaflıqdır. Süni intellekt əsasında verilən qərarların izahı olmalıdır. İkincisi, məlumatların məxfiliyidir. Müştəri məlumatlarının qorunması əsas prioritet olaraq qalır. Üçüncüsü, ədalətli yanaşmadır. Süni intellekt sistemləri ayrı-seçkiliyə və ya qeyri-ədalətli nəticələrə səbəb olmamalıdır. Dördüncüsü isə məsuliyyətli idarəetmədir. Təşkilatlar süni intellektin istifadəsi ilə bağlı aydın hesabatlılıq və nəzarət mexanizmlərinə malik olmalıdır. Texnologiya səmərəliliyi və qərar qəbuletməni təkmilləşdirə bilər, lakin etika və peşəkar mühakimə hər zaman prosesin ayrılmaz hissəsi olaraq qalacaq", - deyə Y.Alshabrami vurğulayıb.