Sosial Tədqiqatlar Mərkəzi maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 13 sentyabr, 2023
  • 14:17
Sosial Tədqiqatlar Mərkəzi maliyyə vəziyyətini açıqlayıb

Sosial Tədqiqatlar Mərkəzi (STM) 2021-ci ildəki 3,04 milyon manatlıq mənfəətə qarşı ötən ildəki fəaliyyətini 631 min manat məbləğində zərərlə başa vurub.

"Report" mərkəzin hesabatına istinadən xəbər verir ki, ötən il STM-in gəlirləri 1,846 milyon manat (əvvəlki ilə nisbətən 2,6 dəfə az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 331 min manat (2,1 dəfə çox), əmək haqqı xərcləri 965 min manat (0,1 % çox), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ayırmaları 240 min manat (1,7 % çox), istifadə olunan aktivlərin amortizasiya xərcləri 142 min manat (20,3 % çox), icarə xərcləri 52,1 min manat (38 % az), haqq və komissiya xərcləri 9,1 min manat (37,9 % çox), inzibati və digər əməliyyat xərcləri 734 min manat (4 dəfə çox), mənfi məzənnə fərqindən zərəri 3 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə STM-in aktivləri 4,446 milyon manat olub ki, bu da illik müqayisədə 12,4 % azdır. Hesabat dövründə Mərkəzin balans kapitalı 12,4 % azalaraq 4,446 milyon manata enib.

Xatırladaq ki, STM 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,28 milyon manat təşkil edir. Mərkəz ölkədə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

44 - Tezliklə