SOCAR istiqrazları üzrə təkrar bazar əməliyyatlarının dəyəri 148 mln. dollara çatıb

Maliyyə
  • 05 may, 2018
  • 07:48
SOCAR istiqrazları üzrə təkrar bazar əməliyyatlarının dəyəri 148 mln. dollara çatıb

Bakı. 5 may. REPORT.AZ/ “Azərbaycanın maliyyə bazarı böyüyüb, beynəlxalq standartlara uyğun məhsullar təqdim edir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan deyib.

Bununla belə, onun sözlərinə görə, bazarın inkişafı üçün daha çox iş görülməlidir.

“SOCAR istiqrazları ilə bağlı bir sıra aidiyyəti qurumlarla böyük iş gördük. Qanunvericilikdə dəyişikliklər həyata keçirildi. “ASAN xidmət”lə əməkdaşlıq etdik, müqavilələr imzaladıq. Azərbaycanda istiqraz alıb-satmaq 2-3 gün vaxt tələb edən proses idi, bu müddəti 20-30 dəqiqəyə endirdik. Bu, istiqraz buraxaraq kapital cəlb edilməsi ilə yanaşı, həm də ictimaiyyətə təqdimat idi”, - deyə o, əlavə edib.

Bundan başqa, T.Kotanın sözlərinə görə, 2016-cı ilin oktyabr ayında dövriyyəyə buraxılmış bu istiqrazları SOCAR-ın istənilən vaxt geri alması mümkündür: “Bu şərait heç Türkiyədə yoxdur. Beynəlxalq standartlardan daha yüksək şərtlərdir. İstiqrazlar üzrə təkrar bazar əməliyyatlarının dəyəri 140 mln. dolları keçib. Dünən bu rəqəm 148 mln. dollara çatdı. Müştəri məmnuniyyəti yüksək səviyyədədir. İstiqrazlara Türkiyə, Gürcüstan, Qazaxıstan və Ukraynadan maraq görürük. Maliyyə bazarında işlər düzəlir və bu prosesdə SOCAR istiqrazlarının iştirakını görmək xoşdur”. 

SOCAR rəsmisi onu da qeyd edib ki, yaxın vaxtlarda istiqraz sahibləri onları girov qoyaraq bankdan aşağı faizlə kredit ala biləcəklər: "Əgər adi halda kredit illik 22-23%-lə verilirsə, SOCAR istiqrazlarını girov qoyanlar üçün illik təxminən 15%-lə veriləcək. Kreditin məbləği girovun dəyərinin 70%-i qədər olacaq. Bu layihənin üzərində banklarla birlikdə işlənilir, yaxın 1 ay ərzində reallaşdırılacaq". 

44 filmi