Şahin Mahmudzadə: "Yaşıl yuyulma" riskləri Mərkəzi Bankın nəzarət mexanizmləri ilə ölçüləcək" - MÜSAHİBƏ

Maliyyə
  • 03 oktyabr, 2025
  • 11:35
Şahin Mahmudzadə: Yaşıl yuyulma riskləri Mərkəzi Bankın nəzarət mexanizmləri ilə ölçüləcək - MÜSAHİBƏ

Qlobal maliyyə gündəliyində "yaşıl maliyyələşmə" mövzusu getdikcə daha çox ön plana çıxır. Xüsusilə iqlim dəyişikliklərinin yaratdığı çağırışlar fonunda bank sektoru üçün ekoloji, sosial və idarəetmə (ESG) risklərinin idarə olunması, həmçinin dayanıqlı maliyyə alətlərinin inkişafı strateji əhəmiyyət kəsb edir.

Azərbaycan da bu istiqamətdə yeni təşəbbüslərlə çıxış edir, beynəlxalq platformalarda iştirakını genişləndirir və bank sektorunda "yaşıl maliyyə"nin payını artırmağı hədəfləyir.

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə "Report"a müsahibəsində "yaşıl maliyyə" strategiyası, bank sektorunun qarşıdakı illərdəki hədəfləri, risklərin idarə olunması və beynəlxalq əməkdaşlıq imkanları barədə danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan bank sektorunda "yaşıl maliyyə"nin inkişafı üçün Mərkəzi Bank hansı strateji yol xəritəsini izləyir?

- Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsini təsdiqləyib və hər il onun icrası ilə bağlı ayrıca hesabat açıqlayır. Yol xəritəsi 4 əsas istiqamətdən ibarətdir. Birinci istiqamət, insan və infrastruktur kapitalının inkişafı - maliyyə sektorunda resursların və bacarıqların gücləndirilməsini nəzərdə tutur. İkinci istiqamət - requlyativ boşluqların aradan qaldırılması - qaydalar və qanunvericilikdə dəyişikliklərin həyata keçirilməsidir. Ötən il əldə olunan ən mühüm nailiyyətlər məhz bu sahədə olub.

Üçüncü istiqamətə - risklərin idarə olunması - ESG risklərinin ümumi risk idarəetmə çərçivəsinə inteqrasiyası, ESG üzrə stress-testlərin keçirilməsi, rəqəmsallaşdırılmış həllərin tətbiqi və maliyyə sektorunda potensial itkilərin ölçülməsi daxildir. Nəhayət, dördüncü istiqamət - bazar intizamının gücləndirilməsi – ictimaiyyət üçün açıqlama standartlarının və hesabatlılıq mexanizmlərinin tətbiqini nəzərdə tutur.

Bu istiqamətlər çərçivəsində üç il ərzində çoxsaylı layihələrin icrası nəzərdə tutulub. Gələn ilin sonunda isə biz artıq yeni - 3 "Yol Xəritəsi 2.0" adlandırdığımız mərhələni təqdim edəcəyik. Bu mərhələ əsasən mövcud bazanın üzərində təkmilləşdirmələri özündə əks etdirəcək.

- Azərbaycanın bank sektoru təqribən 6 il ərzində kredit portfelinin 10 %-ni "yaşıl layihələr"ə yönəltməyi planlaşdırıb. Bu hədəfin praktik reallaşması mümkündürmü?

- Dayanıqlı yol xəritəsindən irəli gələrək, bu məsuliyyət AMB ilə yanaşı, həm də Azərbaycan Banklar Assosiasiyasının (ABA) və digər maliyyə assosiasiyalarının üzərinə düşür. Ötən il COP29 ərəfəsində bank sektoru 2 milyard manatlıq "yaşıl maliyyə" investisiyası planladığını elan etmişdi. Son rəqəmlərə görə isə bu ilin birinci yarısında artıq 300 milyon manata yaxın "yaşıl kredit" verilib.

Hazırda banklarda "yaşıl maliyyə" üzrə anderraytinq standartları təkmilləşdirilib və ESG prinsipləri həm strateji, həm biznes, həm də əməliyyat qərarlarının ayrılmaz hissəsinə çevrilib. Bazarın reallığına uyğun tənzimləmələr bank sektorunun qarşıya qoyduğu hədəflərə çatmasına ciddi dəstək verəcək. İlin ilk yarısında 300 milyon manatlıq kreditlərin ayrılması göstərir ki, bank sektoru qarşıdakı 6–7 ildə 2 milyard manatdan daha çox vəsaiti "yaşıl layihələr"ə yönəldə biləcək.

– Bu hədəflərə çatmaq üçün hansı stimullar, məsələn, vergi güzəştləri, dövlət zəmanətləri və ya güzəştli kredit xətləri nəzərdə tutulur?

- Konkret güzəştlərdən danışmaq düzgün olmaz. Burada əsas məsələ ESG risklərinin digər maliyyə riskləri kimi sektora təhdid yarada bilməsidir. Bu səbəbdən Mərkəzi Bankın vəzifəsi düzgün kapital planlamasını tələb etmək və risklərin adekvat şəkildə nəzərə alındığına nəzarət etməkdir.

ESG riskləri digər risklərdən fərqli olmadığı üçün AMB bu istiqamətdə də prudensial tələblər tətbiq edəcək. Bu, müxtəlif formalarda ola bilər, məsələn, kapital strukturuna dair tələblərin, müəyyən fəaliyyətlər üzrə stimullaşdırıcı mexanizmlərin və ya əlavə prudensial normaların tətbiqi formasında. Bu səbəbdən söhbəti yalnız "stimul" anlayışı ilə məhdudlaşdırmaq doğru olmaz. ESG riskləri nəzarət altında saxlanılmalı, mitiqasiya olunmamış risklərə görə isə maliyyə sektoru müəyyən öhdəlik daşımalıdır.

– İqlim dəyişikliklərinin və ekoloji risklərin maliyyə sabitliyinə potensial təsirləri necə qiymətləndirilir?

- ESG risklərinin fərqi ondadır ki, onlar maliyyə sabitliyinə daha çox dolayı yolla təsir edir. Əgər digər risklər – məsələn, kredit, likvidlik, faiz və valyuta riskləri qısa müddətdə özünü göstərə bilirsə, ESG riskləri 15-20 illik dövrdə reallaşa bilir. Bu isə daha uzunmüddətli kapital planlamasını zəruri edir.

Məsələn, girovların real qiymətinin dəyişməsi və ya şirkətlərin məhsullarına tələbin azalması nəticəsində gəlirlərin düşməsi kredit riskini artırır. Eyni zamanda ESG elementlərini nəzərə almayan şirkətlərin istiqrazlarında və digər maliyyə alətlərində qiymət dəyişmələri faiz risklərinin yaranmasına səbəb ola bilər. Yəni ESG risklərinin əsas xüsusiyyəti onların dolayı və uzunmüddətli təsirə malik olmasıdır. Bununla belə, onlar da digər risklər kimi maliyyə sabitliyi üçün olduqca vacibdir.

– "Yaşıl maliyyələşmə"nin artması bank sektorunda risklərin diversifikasiyasına necə təsir göstərə bilər?

- "Yaşıl maliyyələşmə"nin artması bankların ESG risklərinə qarşı dayanıqlılığını gücləndirir. Daha çox "yaşıl investisiya"lar isə o deməkdir ki, ESG riskləri azalır, bu da portfellərin keyfiyyətini yüksəldir və risklərin reallaşma ehtimalını azaldır. Dolayısı ilə "yaşıl maliyyə" həm risklərin diversifikasiyası, həm də onların azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.

- Xarici investorların Azərbaycanın bank sektorunun "yaşıl maliyyə" təşəbbüslərinə marağı hansı səviyyədədir?

- Artıq xarici investorlar Azərbaycan maliyyə sektoruna vəsait yatırarkən anderraytinq şərtlərində ESG elementlərinin mövcudluğunu görmək istəyirlər. Bank sektorunda fəaliyyət göstərən bütün əsas oyunçular xarici tərəfdaşlarla işləyərkən bu meyarlardan istifadə etməyə çalışır.

Qeyd etmək lazımdır ki, bu, yalnız Azərbaycana xas deyil, digər ölkələrdə də yeni reallıqdır. Sadəcə Azərbaycan bank sektoru da bu prosesdən kənarda qalmır.

- "Yaşıl yuyulma" (greenwashing) risklərinin qarşısını almaq üçün Mərkəzi Bank hansı nəzarət mexanizmlərini hazırlayır?

- Kreditlərin həqiqətən "yaşıl" olub-olmaması və ya sadəcə imitasiya xarakteri daşıyıb-daşımaması ilə bağlı AMB-də xüsusi nəzarət mexanizmləri formalaşdırılır.

Bunun üçün insan kapitalının inkişafı istiqamətində proqramlar həyata keçirilir, əməkdaşlarımız beynəlxalq təlimlərdə iştirak edirlər. ESG risklərinə nəzarət çərçivəsində "yaşıl yuyulma" ehtimalı ayrıca ölçüləcək və zərurət yaranarsa, Mərkəzi Bank müvafiq tədbirlər görəcək.

- Azərbaycan bankları beynəlxalq "yaşıl maliyyə" bazarlarına çıxış üçün hansı addımlar atmağı planlaşdırır?

- AMB Avropa Dairəvi Bioiqtisadiyyat Fondunun (ECBF) üzvüdür və bu platforma vasitəsilə 100-ə yaxın ölkə ilə birgə layihələr icra olunur. COP29 ərəfəsində başladılan "yaşıl taksonomiyaların uyğunlaşdırılması" təşəbbüsü Braziliyada keçiriləcək COP30-da yeni mərhələdə təqdim ediləcək.

Bundan əlavə, türkdilli dövlətlər arasında da ortaq "yaşıl maliyyə" təşəbbüsləri nəzərdə tutulur. Bu sahə hələ yeni inkişaf mərhələsindədir, ESG riskləri qalır, amma ölkələr bir-birindən öyrənməklə kollektiv irəliləyiş əldə edə bilərlər.

AMB də həm regional, həm də qlobal miqyasda bu prosesin fəal iştirakçısıdır.

- "Yaşıl istiqrazlar" banklar tərəfindən artıq emissiya olunur, bəs "yaşıl sukuk" kimi digər maliyyə alətlərinin tətbiqi gündəmdədirmi?

- Hazırda AMB-də sukuk alətləri üçün tənzimləyici çərçivənin hazırlanması üzərində iş aparılır. Əvvəlcə ənənəvi sukuk bazarının formalaşması vacibdir. Bu mərhələdən sonra "yaşıl sukuk"un tətbiqi gündəmə gələ bilər.

Hazırda bunun üçün hüquqi və tənzimləyici baza tam mövcud olmadığından, "yaşıl sukuk"dan danışmaq bir qədər erkəndir.

Son xəbərlər

Bütün Xəbər Lenti