“S&P”: “Yaxın 2 ildə “PAŞA Sığorta”nın daşınmaz əmlak sığortası bazarındakı payı təxminən 49 % olacaq”
- 12 fevral, 2024
- 18:49
Yeniliklərdən dərhal xəbərdar olun!
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın “PAŞA Sığorta” sığorta şirkətinin reytinqləri üzrə proqnozunu “sabit”dən “müsbət”ə dəyişdirib.
“Report” “S&P”yə istinadən xəbər verir ki, agentlik həmçinin sığorta şirkətinin uzunmüddətli emitent reytinqini və maliyyə sabitliyini “BB” səviyyəsində təsdiqləyib.
“PAŞA Sığorta”nın kapital adekvatlığı qənaətbəxş səviyyədə möhkəmlənib və biz onun maliyyə risk profilinin yaxın 12 ay ərzində yaxşılaşacağını gözləyirik, hərçənd potensial olaraq daha yüksək dividendlər və ya biznesin inkişafı kapitalın adekvatlığının qiymətləndirilməsində irəliləyişlərə mane ola bilər. “PAŞA Sığorta”nın kapital adekvatlığı, 2022-ci ildə yenidən işlənmiş kapital modelimizə əsasən, 99,8 % etibar səviyyəsini cüzi şəkildə keçəcək və biz onun yaxın iki il ərzində də bu səviyyədə qalacağını proqnozlaşdırırıq. Bu, 2024-25-ci illərdə orta bazar göstəricilərinə uyğun olaraq 10-15 % mükafat artımı, 30 %-dən çox yüksək kapital adekvatlığı səviyyəsi və 20-25 % xalis gəlir artımının davam edəcəyi gözləntilərimizi əks etdirir”, - “S&P”dən bildirilib.
Agentliyin analitikləri hesab edirlər ki, şirkət həmçinin kapitalın “Solvency II” prinsipləri əsasında idarə olunmasına, keçid mərhələsində isə kapitalın artırılmasına başlamağı planlaşdırır. Eyni zamanda, onların fikrincə, kapital buferlərində potensial dəyişkənliyə, məsələn, gözləniləndən daha yüksək dividend ödənişləri və ya daha yüksək biznes artımı səbəb ola bilər.
“Şirkətin dividend siyasəti son 4 il ərzində nisbətən aqressiv olub: bəzi illərdə dividend ödəmə əmsalı 90-95 %-i ötüb (2023-cü ildə təxminən 75 % olub). Mərkəzi Bankın 2022-ci ilin sonunda avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası tariflərinə düzəliş etməsi və əmlakın icbari sığortasının nüfuzunun artması sayəsində qazanılan xalis mükafat baxımından onun yığımlarının artımı 2023-cü ildə 30 %-i ötüb. Beləliklə, şirkətin kapital ehtiyatlarını qənaətbəxş hesab etməkdə davam edirik”, - hesabatda bildirilir.
Bu arada, “S&P”də hesab edirlər ki, şirkət, çox güman, investisiya və yüksək riskli aktivlərin konsentrasiyasına məruz qalmağa davam edəcək. Şirkətin investisiya portfeli yerli bank sektorunda, o cümlədən əlaqədar bankların depozitləri və imtiyazlı səhmlərində cəmləşmişdir: “PAŞA Bank” (BB-/Sabit/B) və “Kapital Bank” ASC (BB-/Müsbət/B), onların payı cəmi investisiyaların 25 %~dən çoxdur və bu, yüksək göstərici hesab edilir.
“Biz “PAŞA Sığorta”nın investisiyalarının orta çəkili kredit keyfiyyətinin “BB” diapazonunda olacağını proqnozlaşdırırıq. Lakin bu, hələ də spekulyativ səviyyədir və ona görə də onun riskini yüksək qiymətləndiririk”, - agentlikdən qeyd ediblər.
“S&P” “PAŞA Sığorta”nın maliyyələşdirmə profilinin neytral qalacağını gözləyir: “Şirkətin növbəti iki il ərzində borc maliyyələşdirməsinə arxalanacağını gözləmirik. Əsasən icarə öhdəliklərindən ibarət olan maliyyə rıçaqı (maliyyə öhdəliklərinin məcmu səhm kapitalına nisbəti, üstəgəl maliyyə öhdəlikləri) proqnozlarımıza görə 2024-2025-ci illərdə 5-10 %-i keçməyəcək”.
“S&P Global Ratings” “PAŞA Sığorta”nın növbəti iki il ərzində Azərbaycanda əmlak sığortası bazarında güclü rəqabət mövqeyini qoruyub saxlayacağını gözləyir. “PAŞA Sığorta” təcrübəsindən, brendin tanınmasından və şaxələndirilmiş biznesindən faydalanaraq bazarın açıq-aydın lideridir. Şirkət həmçinin birbaşa satışı asanlaşdıran güclü distribütor şəbəkələrindən də faydalanır. Yerli mühasibat standartlarına əsasən, 2023-cü ildə gözlənilən 293 milyon manat (təxminən 172 milyon ABŞ dolları) məbləğindəki ümumi sığorta yığımları ilə “PAŞA Sığorta” ölkənin əmlak sığortası bazarında birinci yerdədir.
“2023-cü ildə onun bazar payı təxminən 49 % təşkil edib (2022-ci ildə 46 % olmuşdu) və biz şirkətin yaxın iki il ərzində də bu payı saxlayacağını gözləyirik”, - hesabatda deyilir.
“PAŞA Sığorta”güclü əməliyyat göstəricilərini və Azərbaycanın əmlak sığortası bazarında lider mövqeyini qoruyub saxlamaqla, kapital adekvatlığını 99,8% etibar səviyyəsindən yuxarı dayanıqlı səviyyədə saxlaya bilsə, “S&P” növbəti 12 ay ərzində şirkətin reytinqini yüksəldə bilər.
Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən ölkənin sığorta bazarında fəaliyyət göstərir və “PAŞA Holdinq” şirkətlər qrupuna daxildir.