S&P “Kapital Bank” və “Azər-Türk Bank”ın fəaliyyətini qiymətləndirərək, onların reytinqlərini təsdiqləyib

Maliyyə
  • 21 dekabr, 2023
  • 17:47
S&P “Kapital Bank” və “Azər-Türk Bank”ın fəaliyyətini qiymətləndirərək, onların reytinqlərini təsdiqləyib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “Kapital Bank” ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “müsbət” proqnozla “BB-/B” səviyyəsində təsdiqləyib.

"Report" bankın reytinq qiymətləndirməsinə istinadən xəbər verir ki, bankın uzunmüddətli və qısamüddətli reytinqləri onun yerli bank sektorunda, xüsusən də pərakəndə kreditləşmədə güclü bazar payını, likvid balansını və sabit, şaxələndirilmiş əmanətçi bazasını əks etdirir.

“Bu, istehlak kreditləşməsinə artan konsentrasiya ilə qlobal kontekstdə nisbətən az müştəri bazası ilə kompensasiya edilir. "Kapital Bank"ın kapitallaşma üzrə müsbət proqnozu növbəti 12 ay ərzində onun mənfəətlilik, kapitallaşma və aktivlərin keyfiyyəti baxımından əksər yerli və beynəlxalq analoqlarını üstələməkdə davam edə biləcəyi gözləntilərimizi əks etdirir”, - məlumatda qeyd edilib.

“Kapital Bank” daha yüksək reytinqli analoqlarına uyğun olaraq aktivlərin stabil keyfiyyəti, güclü kapital buferləri, adekvat likvidlik və davamlı riskə uyğunlaşdırılmış gəlirlərlə yaxşı fəaliyyət göstərməyə davam edərsə agentlik növbəti 12 ay ərzində bankın reytinqlərini yüksəldə bilər. Bankın sürətli artımı onun kapitallaşmasına və aktivlərinin keyfiyyətinə əhəmiyyətli təzyiq göstərərsə və ya gəlirləri aktivlərin artımından əhəmiyyətli dərəcədə geri qalarsa, reytinqləri üzrə proqnoz növbəti 12 ay ərzində “stabil”ə dəyişdirilə bilər.

S&P həmçinin “Azər-Türk Bank” ASC-nin uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini (ICR) “B+/B” səviyyəsində təsdiqləyib. Qeyd edilib ki, reytinqləri üzrə proqnoz “stabil”dir.

“Bankın uzunmüddətli və qısamüddətli reytinqləri “Azər-Türk Bank”ın daxili bazarda ümumi kiçik mövqeyini və onun kapitalını ”udan” istehlak və ipoteka kreditləşməsinin sürətli artımını, habelə bankın reputasiyası və biznesinin inkişafı üçün müsbət olan dövlətə məxsus olan nəzarət paketini balanslaşdırır. Onlar həmçinin növbəti bir neçə il ərzində bankın strategiyasında planlaşdırılan dəyişiklikləri də nəzərə alırlar”, - agentlik analitikləri vurğulayıb.

Növbəti 12 ay üçün “stabil” proqnoz bankın yeni inkişaf strategiyasına uyğun olaraq onun biznes və maliyyə profillərinin sabit qalacağına dair S&P-nin gözləntilərini əks etdirir: "Fikrimizcə, yaxın 12 ayda proqnozun “müsbət”ə dəyişilməsi ehtimalı azdır. Gələcəkdə, bank daxili bazarda əhəmiyyətli bir paya çatarsa, kapital və aktivlərin keyfiyyət göstəricilərini qoruyarkən xeyli vaxt tələb edərsə, reytinqləri artıra bilərik. Bankın yeni strategiyası onun kapitallaşmasına və aktivlərinin keyfiyyətinə əhəmiyyətli təzyiq göstərərsə, biz növbəti 12 ay ərzində reytinqləri aşağı sala bilərik”.