S&P Azərbaycanın bank sektorunda mövcud problemləri açıqlayıb

Maliyyə
  • 01 mart, 2023
  • 12:12
S&P Azərbaycanın bank sektorunda mövcud problemləri açıqlayıb

Azərbaycanın bank sektorunda uzun sürən korreksiyadan sonra kreditlərə tələbi stimullaşdıran əlverişli xammal qiymətləri və aktivlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması sayəsində bərpa əlamətləri müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi məlumat yayıb.

“Hesab edirik ki, tənzimləmənin bəzi aspektlərində irəliləyişlərə baxmayaraq, Azərbaycanda institusional baza nisbətən zəif olaraq qalır. Bazarda bir neçə böyük bankın dominantlıq etdiyini görürük. Bank maliyyələşməsi ilə bağlı qeyri-sabit bazarlar, əksər banklar üçün maliyyə vəsaitlərinə çıxışın çətin olması və uzunmüddətli maliyyələşdirmənin olmaması sektor üçün problemlər yaratmağa davam edir”, - “S&P Global Ratings”in iqtisadçıları qeyd ediblər.

Agentlik hesab edir ki, neftin qiymətinin əlverişli dinamikası Azərbaycanın iqtisadi, vergi və tədiyə göstəricilərinə müsbət təsir göstərir: “Fikrimizcə, regional geosiyasi proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi və Azərbaycanla Ermənistan arasında gərginlik, həmçinin qlobal iqtisadi perspektivlərin pisləşməsi Azərbaycanın iqtisadi göstəriciləri üçün əlavə risklər yaradır”.