Rusiya-Ukrayna müharibəsi Azərbaycan banklarının fəaliyyətinə necə təsir edir?

Maliyyə
  • 12 may, 2022
  • 11:09
Rusiya-Ukrayna müharibəsi Azərbaycan banklarının fəaliyyətinə necə təsir edir?

Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Rusiya banklarına qarşı Qərb dövlətlərinin irəli sürdüyü sanksiyalar bu sektoru iflic vəziyyətə salacağını proqnozlaşdırılırdı.

Müharibənin ilk həftələrində banklarda hökm sürən şok effekti tədricən geridə qalır və banklar işini mövcud şərtlər daxilində davam etdirirlər.

Bəs ölkəmizdə Rusiya bankları ilə qarşılıqlı əməliyyatlar aparan banklardakı vəziyyət nə yerdədir?

"Report"un bank sektorundan əldə etdiyi məlumata görə, hazırda Azərbaycandakı 5-6 bankdan başqa digərlərinin fəaliyyətində Rusiyaya tətbiq olunan sanksiyalarla bağlı çətinlik davam edir.

Yəni Avstriyanın "Raiffeisen Bank"ı Rusiyanın hətta sanksiyaya məruz qalmamış banklarına Azərbaycandan (Azərbaycan banklarının hesablarının çoxu bu bankdadır) dollar və avro ilə olan köçürmələrə icazə vermir. Həmçinin Rusiya bankları da dollar köçürmələrini qəbul etmir.

Hazırda Rusiya bankları yalnız rublla olan köçürmələri qəbul edir. Ümumilikdə Azərbaycanın 20-yə yaxın bankında təxminən belə vəziyyət hökm sürür.

Rusiyaya məxsus banklardan birinin Azərbaycandakı törəməsində - "Bank VTB Azərbaycan" ASC-də təxminən oxşar hal yaşanır. Bu bank da yalnız rublla köçürmələr həyata keçirə bilir. Eyni zamanda, bankın kredit siyasəti də müəyyən qədər dəyişib. Belə ki, müharibəyə qədər 15-18 %-lə kreditlər verən bank indi faiz dərəcəsini 21 %-ə çatdırıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) isə Rusiya-Ukrayna müharibəsi nəticəsində qonşu ölkənin banklarının SWIFT-dən ayrılmasının Azərbaycanıın bank sektoruna təsirlərini araşdırdığını bildirib.

AMB-nin baş direktoru Fərid Osmanov bildirib ki, hazırda hesablaşma əməliyyatlarında problem yoxdur: "Müxbir hesablarda komplayns ("Compliance" - uyğunlaşma) şərtləri sərtləşdirilib".

Qeyd edək, Azərbaycanda 26 bank fəaliyyət göstərir.