Qırğızıstanda sığorta bazarının sürətli inkişafının səbəbi açıqlanıb
- 25 iyun, 2026
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstanda ötən ilin iyul ayından avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının tam tətbiq olunması bazarda qeydə alınan sürətli artımın əsas səbəbidir.
"Report" xəbər verir ki, bunu Qırğızıstan Sığortaçılar Assosiasiyasının Prezidenti Ulan Baktıqulov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
"Bu, bir tərəfdən bizi sevindirir. Çünki Qırğızıstanda əhali arasında sığorta mədəniyyətinin formalaşdığını və inkişaf etdiyini görürük. Lakin hesab edirəm ki, icbari sığorta növlərinin inkişafı bizim əsas məqsədimiz olmamalıdır. Əsas hədəf könüllü sığorta növlərinin inkişafıdır. Bu gün qarşıda duran əsas vəzifə icbari sığortanı könüllü və şüurlu tələbat səviyyəsinə yüksəltməkdir. Bunun üçün də biz üç əsas prioritet müəyyən etmişik. Birincisi, müştəri etimadının gücləndirilməsi, ikincisi, əlçatan və müasir sığorta məhsullarının yaradılması, üçüncüsü isə əhalinin sığorta mədəniyyətinin yüksəldilməsidir. İnsanlar sığortanı yalnız icbari olduğu üçün deyil, onun öz maliyyə təhlükəsizliyini təmin etdiyini dərk etdikləri üçün əldə etməlidirlər. Mənim fikrimcə, etimadı marketinq vasitəsilə yaratmaq mümkün deyil. Etimad ilk növbədə real müştəri təcrübəsi əsasında formalaşır. Buna görə də məhz bu istiqamətin hərtərəfli inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır", - deyə o qeyd edib.