“Premium Bank”ın aktivləri 7 %-ə yaxın azalıb

Maliyyə
  • 16 yanvar, 2025
  • 11:34
“Premium Bank”ın aktivləri 7 %-ə yaxın azalıb

“Premium Bank” ASC 2024-cü ili 9,684 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 29,9 % çoxdur.

Ötən il “Premium Bank”ın gəlirləri 49,188 milyon manat (illik müqayisədə 0,9 % az), xərcləri 37,979 milyon manat (9,8 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,172 milyon manat (42,2 % az), mənfəət vergisi ödəmələri 2,697 milyon manat (30 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Premium Bank”ın aktivləri 640,892 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,5 % azdır. Bunun 458,181 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,8 % kiçilib.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 8,8 % azalaraq 463,009 milyon manata, o cümlədən depozit portfeli 11,5 % azalaraq 377,761 milyon manata düşüb, balans kapitalı isə 0,3 % artaraq 177,883 milyon manata çatıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.