“Premium Bank”ın aktivləri 16 % azalıb
- 13 oktyabr, 2023
- 14:33
Yeniliklərdən dərhal xəbərdar olun!
“Premium Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 7,881 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 96,4% çoxdur.
9 ay ərzində “Premium Bank”ın gəlirləri 37,666 milyon manat (illik müqayisədə 5,1 % çox), xərcləri 31,316 milyon manat (11,4 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 1,53 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Premium Bank”ın aktivləri 677,356 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,6 % azdır. Bunun 423,564 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,6 % kiçilib.
Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 19,8 % azalaraq 496,713 milyon manata, o cümlədən depozit portfeli 21,6 % azalaraq 451,299 milyon manata, balans kapitalı isə 1,1 % azalaraq 180,643 milyon manata düşüb.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.