“Premium Bank”ın aktivləri 12 % azalıb
- 13 iyul, 2024
- 08:19
Yeniliklərdən dərhal xəbərdar olun!
“Premium Bank” ASC bu ilin I yarısını 5,673 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11 % çoxdur.
Yanvar-iyun aylarında “Premium Bank”ın gəlirləri 23,944 milyon manat (illik müqayisədə 3,1 % az), xərcləri 18,359 milyon manat (7,7 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 87 min manat (70,1 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “Premium Bank”ın aktivləri 647,308 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,1 % azdır. Bunun 461,676 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,1 % böyüyüb.
Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 15,1 % azalaraq 473,099 milyon manata, o cümlədən depozit portfeli 24,3 % azalaraq 387,953 milyon manata, balans kapitalı isə 2,9 % azalaraq 174,208 milyon manata düşüb.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.