"PAŞA Bank"ın xalis mənfəəti 66% artıb
- 23 yanvar, 2023
- 05:20
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank” ASC 2022-ci ili 149,394 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 65,7 % çoxdur.
Ötən il “PAŞA Bank”ın əməliyyat gəlirləri 497,974 milyon manat (əvvəlki illə müqayisədə 27,7 % çox), əməliyyat xərcləri 283,919 milyon manat (24,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 15,406 milyon manat (60,4 % az), mənfəət vergisi ödəmələri isə 49,255 milyon manat (50,3 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Bank”ın aktivləri 8 519,814 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 32,9 % çoxdur. Bunun 2 670,966 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,7 % böyüyüb.
Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 34,7 % artaraq 7 856,817 milyon manata, o cümlədən depozit portfeli 39,3 % artaraq 7 004,319 milyon manata, balans kapitalı isə 14,8 % artaraq 662,997 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Bless" MMC-yə, 10% Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.