“PAŞA Bank”ın xalis mənfəəti 28% artıb
- 27 iyul, 2022
- 13:18
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank” ASC bu ilin I yarısını 64,844 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 28 % çoxdur.
Yanvar-iyun aylarında “PAŞA Bank”ın gəlirləri 223,849 milyon manat (illik müqayisədə 18,6 % çox), xərcləri 128,688 milyon manat (25,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 9,114 milyon manat (62,5% az), mənfəət vergisi ödəmələri isə 21,203 milyon manat (84,3 % çox) təşkil edib.
Bu il iyulun 1-nə “PAŞA Bank”ın aktivləri 7 422,062 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24,9 % çoxdur. Bunun 2 444,313 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 14 % böyüyüb.
Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 26,7 % artaraq 6 839,946 milyon manata, o cümlədən depozit portfeli 31,3 % artaraq 5 951,519 milyon manata, balans kapitalı isə 6,9 % artaraq 582,116 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Bless" MMC-yə, 10% Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.